“Qalib gəldiyim üçün çox xoşbəxtəm” - Teymur Rəcəbov

  “Qalib gəldiyim üçün çox xoşbəxtəm” -    Teymur Rəcəbov
  04 Yanvar 2021    Oxunub:3118
"Konsentrasiyanı sonadək qorumağa çalışdım. Qarışıq hisslər keçirirəm. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Bu yerə çatmaqdan ötrü xeyli enerji sərf etdim".

Bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirindəki qələbəsi barədə danışarkən deyib.
33 yaşlı qrossmeyster finalda məğlub etdiyi Ermənistan təmsilçisi Levon Aronyanın yaxşı təsir bağışladığını bildirib: "Həm ilkin mərhələdə, həm də növbəti raundlarda rəqibin oyununu analiz etmişdim. Həqiqətən çox yaxşı təsir bağışlayırdı. Hər zaman yüksək səviyyəli oyun nümayiş etdirir. Bu dəfə də formasının zirvəsində idi".

Rəcəbov qarşısına turnirin qalibi olmaq məqsədini qoyduğunu vurğulayıb: "Mən peşəkar şahmatçıyam. Məqsədim kimisə məğlub etmək yox, turnirin qalibi olmaq idi. Bunun üçün əlimdən gələni etdim. Dünən qızım mənə mesaj yazıb yaxşı oyuna görə təbrik etdi. Eyni zamanda bugünkü qarşılaşmada uğurlar dilədi. Bu gün rəqib xüsusən ağ fiqurlarla xeyli təzyiq göstərdi. Buna baxmayaraq, sakitliyimi və konsentrasiyamı qoruya bildim. Sonuncu görüşdə nə baş verdiyini bilmirəm. Yeni il üçün əla başlanğıc oldu".

Qeyd edək ki, “Airthings Masters” turnirində final mərhələsi iki günü əhatə edib. Birinci günü 2,5:1,5 hesablı qələbə ilə bitirən Teymur Rəcəbov ikinci gündə də qalib gəlib - 2:1. Beləliklə, Rəcəbov turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub. (Report)

Azvision.az



Teqlər: TeymurRəcəbov  





Xəbər lenti