Talış və Suqovuşana yol tikintisi 1-ci mərhələ üzrə yekunlaşdı - VİDEO

 Talış və Suqovuşana yol tikintisi 1-ci mərhələ üzrə yekunlaşdı -  VİDEO
  29 Dekabr 2020    Oxunub:2207
Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi bu il oktyabrın 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işləri 1-ci mərhələ üzrə yekunlaşdırıb.
Azvision.az Agentliyə istinadən xəbər verir ki, ümumi uzunluğu 28.5 km olan Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Bu səbəbdən də yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və optimal-qırmadaş, qum çınqıl qarışıqlarından yeni yol əsası inşa edilib.



Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılıb. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri başa çatıb və sözügedən yollara aşınma qatına qədər yeni asfalt-beton örtüyü döşənib. Yeni asfalt-beton örtüyünün döşəndiyi sahə 250 min kv.m-dən çoxdur.

Avtomobil yolları boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrli yeni suötürücü dəmir-beton boruların və boru başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri də aparılaraq yekunlaşdırılıb.

Bundan başqa layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri, həmçinin avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri olan ərazilərdə yol kənarlarına əyri-xətli dəmir tirlər quraşdırılıb. Bundan başqa yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri də icra olunub. Kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Azvision.az


Teqlər: Suqovuşan   Talış  





Xəbər lenti