Mehriban Əliyeva konsertdə

Mehriban Əliyeva konsertdə
  13 Fevral 2014    Oxunub:1170
“Qremmi” mükafatı laureatı Di Di Bricuoter Heydər Əliyev Mərkəzində konsert verib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.
Bu gün məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoterin Bakıda, Heydər Əliyev Mərkəzində solo konserti keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.

Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edib.

Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulmuşdur. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində keçmiş və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi ilə birgə çıxış edib.

1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak etmiş, özünün orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi “Əziz Ella” albomu iki “Qremmi” mükafatına layiq görülmüşdür. Bundan əlavə, onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleonora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” adlı albomu “Qremmi” alıb.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatına layiq görülüb.


Teqlər:  





Xəbər lenti