Pensiya kalkulyatoru e-xidməti təqdim edilib

Pensiya kalkulyatoru e-xidməti təqdim edilib
  23 Dekabr 2020    Oxunub:2399
Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə xidmətlərin elektron infrastruktur üzərində şəffaf və operativ təşkili, e-xidmətlərin dairəsinin genişləndirilməsi işlərini davam etdirir. Bu istiqamətdə Nazirlik növbəti elektron yeniliklərinin – 4-ü proaktiv olmaqla 5 e-xidmətini, (o cümlədən Pensiya kalkulyatoru e-xidmətini) həmçinin 10 e-arayış xidmətini təqdim edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov bildirilib ki, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatı həyata keçirilir. Həmin istiqamətdə işlər davam edir və bu gün daha 5 e-xidmət təqdim edilir. Bunlar aşağıdakılardır:

Ailə başçısını itirməyə görə pensiyanın e-təyinatı;

Ailə başçısını itirməyə görə müavinətin e- təyinatı;

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin e-təyinatı;

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin e- təyinatı;

Pensiya kalkulyatoru e-xidməti.

Qeyd olunan 5 e-xidmətdən 4-ü proaktiv xidmətdir. Yəni onlar ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin, övladlığa götürülən uşaqlara görə müavinətin təyinatının heç bir müraciət olmadan, elektron qaydada, avtomatik olaraq təyin edilməsinə imkan verir. Təyinat aparıldıqdan sonra isə müavinət və ya pensiya məbləği və bank kartı barədə məlumatlar ödəniş rəsmiləşdirilmiş şəxsin telefon nömrəsinə sms şəklində göndərilir.

Pensiya kalkulyatoru e-xidməti də vətəndaşların marağına səbəb ola biləcək e-yeniliklərdən biridir. İstifadəçilər e-sosial.az internet portalında qeydiyyatdan keçməklə və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək, bu e-xidmət vasitəsilə özlərinin pensiya hüququnun yaranacağı tarix, pensiya yaşı, pensiya kapitalı, pensiyanın məbləği barədə məlumat əldə edə biləcək.

Nazirliyin e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Növbəti işlər kimi, portala peşə standartları reyestri, habelə özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiyaya cəlb olunanlar, əlilliyi olan şəxslərə qulluq edənlər, işsizlikdən sığorta ödənişi edilmiş şəxslər və b. barədə reyestr və arayışlar da daxil edilib. Bunların nəticəsi kimi, bu gün Nazirliyin aşağıda qeyd edilən daha 10 e-arayış xidməti də təqdim edilir:

Özünüməşğulluq proqramında iştirak edən şəxs olması barədə;

Özünüməşğulluq proqramı çərçivəsində əldə edilmiş aktivlər barədə;

Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxs olması barədə;

Əlilliyi olan şəxslərə qulluq edən şəxs olması barədə;

Peşə hazırlığına cəlb edilmiş şəxs olması barədə;

İstehsalat zədəsi almış şəxs olması barədə;

Sanatoriya-kurort yollayışı ilə təmin olunmuş şəxs olması barədə;

Sosial sığınacaqda yerləşdirilmiş şəxs olması barədə;

Reabilitasiya tədbirlərinə cəlb olunmuş şəxs olması barədə;

İşsizlikdən sığorta ödənişi edilmiş şəxs olması barədə.

Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı artıq 61-ə çatır ki, onlardan 34-ü proaktivdir. Nazirliyin e-arayış xidmətlərinin sayı isə 30-a çatır.

Vətəndaşların marağını nəzərə alaraq Pensiya kalkulyatoru e-xidməti barədə Nazirliyin hazırladığı videoçarxı təqdim edirik.



Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti