"Ovanisyan ona verilən mətnləri oxuyan aktyor idi" - Artur Xaçenç

 "Ovanisyan ona verilən mətnləri oxuyan aktyor idi" -  Artur Xaçenç
  16 Dekabr 2020    Oxunub:1605
Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsi hələ də erməni cəmiyyətində müzakirə edilir, Qarabağı qısa müddətdə qaytarmağımız isə ermənilərə yuxu kimi gəlir.
Belə müzakirələrdən biri də ermənilərin tanınmış incəsənət xadimlərindən olan Artur Xaçençlə aparılıb.

Azvision.az xəbər verir ki, yerli mediaya müsahibə verən müğənni müharibənin ilk günündən proseslərin içində olduğunu deyərək, ölkəsinin biabırçı məğlubiyyətindən təəssüflənib:

“Azərbaycanlılar öz qoşunlarını 7-10 oktyabr tarixlərində meşələrlə Cəbrayıldan Hadruta köçürdülər. Qəsəbə beləcə mühasirəyə alındı. Onlar yaxın məsafədən döyüşlərə girərək bütün mümkün hündürlüklərə də yiyələndilər. Rəhbər şəxslər isə bu barədə danışmırdılar, radioda Artsrun Ovanisyan başqa şeylər söyləyirdi. Oktyabrın 12-də artıq dayana bilmədim və dedim ki, bütün bunlara niyə susursunuz axı? Hadrut artıq yoxdur. Orada artıq erməni qalmayıb. Amma Hadrutun bizim nəzarətimizdə olması barədə yalan məlumatlar yayırdılar”.

Onun sözlərinə görə, sosial şəbəkələrdə bu haqda yazaraq qeyd edirmiş ki, ermənilərə klounlar yox, orduda söz sahibi olan adamlar lazımdır. O həmçinin bildirib ki, hərbi texnikalarını çöllərdə qoyub geri çəkilən xeyli hərbçi olub. Bəlkə də onlara geri çəkilmək əmri verilibmiş. O hətta xatırlatma edib ki, həmin günlərdə bu məsələlərlə bağlı yazdığı sərt statusu Dövlət Təhlükəsizlik Xidməti silib:

“Ovanisyan sadəcə nazirlikdən ona verilən mətnləri oxuyan aktyor idi. İlham Əliyev düzgün məlumatlar verirdi, nəinki Nikol Paşinyan. Müharibədə birinci növbədə hərbi avadanlıqlarla bağlı problemlərimiz ortaya çıxdı. Hər kəsdə yalnız bir avtomat və 4 daraq var idi”.

Artur onu da qeyd edib ki, azərbaycanlıların müharibədə ikinci silahı erməni dilini bilmələri olub:

“Biz isə dövlət universitetlərindən türk və Azərbaycan dillərinin tədrisini yığışdırdıq. Monitorinqlər zamanı o da bəlli oldu ki, orduda kadr problemlərimiz olub, könüllülərin çoxu isə səfərbərlik idarələrindən geri qaytarılıb. Nikol, onun komandası Artsrun Ovanisyan və digərləri vasitəsi ilə yanlış məlumatlar yaymaqla daha çox erməni öldürdü, nəinki düşmənlərimiz. Bizim düşmənimiz daxilimizdədir. Daxildən onları təmizləmək lazımdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti