“Türkiyə Ermənistanla sərhədləri aça bilər” – MÜSAHİBƏ

“Türkiyə Ermənistanla sərhədləri aça bilər” – MÜSAHİBƏ
  10 Fevral 2014    Oxunub:2275
Yusif Çinar, Türkiyə Strateji mərkəzin rəhbəri, Kırıkkalə unversitetinin dossenti və tarixçidir. Onunla bir neçə sual ətrafında söhbət etdik. Müsahibəyə Qarabağdan başladıq, Türkiyənin daxili problemlərində bitirdik.
- İllərdir ki, ölkəmizin torpaqları işğal olunub və Qarabağ kimi böyük bir problemi var. Türkiyə bu məsələdə hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Amma İran və Rusiyanın qarşısında bir az zəif görsənir. Türkiyə bu ölkələrlə problem yaşamaqdan çəkinir..

- Türkiyə və Azərbaycan bir-biri ilə əhəmiyyətli işbirliklərinə imza atmış olsa da, bölgədə tək başına qərarverici mövqedə deyillər. Bölgədə iki əhəmiyyətli regional güc- İran və Rusiya, Türkiyənin bölgədə istədiyi kimi hərəkət etməsinin önünə keçir. Çünki İran və Rusiya Türkiyənin enerji ehtiyacının böyük bir hissəsini qarşılayan əhəmiyyətli ölkələrdir. Ona görə də, Türkiyə bu şərtlər altında Rusiya və İranı narahat edəcək addımlardan qaçır. Nəzərə alaq ki, Azərbaycan və Rusiya əlaqələri də sıxdır. Türkiyə bu münasibətin qarşısına keçmir. İranı, Rusiyanı, Türkiyəni və Azərbaycanı bir-biri ilə mübarizə aparan tarixi düşmənlər kimi təqdim etmək istəmir. Əksinə ölkələr arasında iqtisadi əlaqələri inkişaf etdirəcək inteqrativ addımların atılmasının tərəflərə daha çox fayda verəcəyini düşünürəm. Çünki bölgədə iqtisadi əməkdaşlıq səviyyəsinin az olması yeni problemlər yaradır.

- Qarabağ münaqişəsini kənardan necə görürsünüz?

- Qarabağ müharibəsi açıq bir şəkildə Ermənistanın işğalıdır. Ermənistan və Azərbaycan qarşı-qarşıya gəlib, Rusiyanın yardımı ilə Ermənistan Qarabağda idarəni ələ keçirib. Hazırda bu münaqişə dondurulub və Qarabağ mövzusunda ciddi bir dəyişikliyin olacağını güman etmirəm. Mənim şəxsi fikrimə görə, Qarabağ problemi bölgədə tarazlıqlar dəyişməsə həll edilmə şansı azdır. Rusiyanın razılığı olmadan Qarabağın statusunda hansısa bir dəyişiklik mümkün ola bilməz. Bu məzmunda Türkiyə ATƏT-in Qarabağ məsələsində həllinə yardım etməyə çalışır. Türkiyə Beynəlxalq təşkilatlarla çox sıx və təsirli siyasətlərə malikdir. Buradan gəldiyim nəticə budur ki, orta dövlətlər beynəlxalq hüquqa daha çox ehtiyac duyar. Bundan 20 il əvvəl Türkiyə yenə beynəlxalq hüquqa çox ehtiyac duyurdu, lakin təşkilatlar ilə əlaqələri passiv olduğu üçün təsirli bir nəticə əldə edə bilmirdi. Amma indi Qarabağ müharibəsi ortaya çıxarsa Türkiyə Azərbaycanın hüquqlarının beynəlxalq hüquq səviyyəsində qorunması üçün 20 il əvvəlki ilə müqayisədə daha aktiv kömək edə bilər.

- Münaqişənin dondurulmuş olduğunu deyirsiniz. Bu rəsmi olaraq belədi. Amma praktik olaraq son günlər bölgədə vəziyyət gərginləşib. Cəbhə bölgəsində atışmalar və şəhidlər var. Bu prosesi izləyirsiniz?

- Bölgədə həll edilə bilməyən Suriya problemi var. Bundan başqa sürpriz bir şəkildə İran-ABŞ yaxınlaşdı. Ukraynada nümayişçilər baş nazirin istefasını təmin edəcək dərəcədə əhəmiyyətli siyasi müvəffəqiyyət təmin etdi. Türkiyə isə bu siyasi inkişaflara İran və İraq ilə əlaqələri sıxlaşdıraraq cavab verdi. Bu şərtlər altında Qarabağda hərbi qarşıdurmaların yaşanması normaldır. Azərbaycan ordusu Ermənistan ordusundan çox üstündür. Amma buna baxmayaraq Qarabağ yalnız hərbi güclə geri alına bilməz. Bundan başqa İran ilə ABŞ arasında meydana gələn yumşalma, ABŞ-ın Ermənistana bəzi siyasi təzyiq vasitələrini istifadə edərək Qarabağ mövzusunda əhəmiyyətli addımlar atdıra bilər. Nəticədə isə Ermənistan və Türkiyə sərhəd qapısının açılması kartı önə çıxa bilər. Türkiyə Suriya ilə olan ticarət əlaqələrinin zərər görməsindən sonra bölgədə yeni ticarət şərikləri axtarmaqdadır. Yəni cəbhə xəttində atışma təsadüfi deyil. Bütün bu sadalanan hadisələr bir -biri ilə bağlanır. Ermənistan və Azərbaycan sərhəddində qarşıdurmaların artması bölgədə meydana gələn siyasi inkişafın birbaşa təsiridir.

- Yəni, deyirsiniz ki, sərhədlər açıla bilər?

- Ermənistanın sərhəd qapısının açılması Türkiyə iqtisadiyyatını rahatlaşdıra bilər. Türkiyə bunu düşünə bilər. Türkiyənin Ermənistan ilə atacağı addımlarda Azərbaycanın razılığı olmadan müvəffəqiyyətli olma şansı isə çox zəif ehtimaldır.

- Məncə Türkiyənin iqtisadi gücünə təsir edən problemlərdən biri də daxildəki çəkişmələrdir. Məsələn, 17 dekabr qaçaqmalçılıq əməliyyatı, ondan öncə Gəzi parkı olayları. Türkiyədəki bu hadisələrdə iki tərəfin adı çəkilir. Amma bizim bilmədiyimiz üçüncü qüvvə ola bilərmi?

- Türkiyə `Ərəb baharı`ndan çox pis təsirlənən ölkələr arasındadır. `Ərəb baharı`ndan əvvəl Türkiyə qonşuları ilə poblemlərini həll edib, bölgədə ağırlığını qoymuş, iqtisadi cəhətdən zənginləşmişdi. Ancaq qeyd etdiyimiz hadisələrdən sonra Türkiyə siyasi və iqtisadi sahədə qazandıqlarını itirməyə başladı. Bölgədə həm AB-dən, həm də ABŞ-dan daha avtonom hərəkət etmə istəyi, Türkiyənin daxilinədəki qarışıqlıqların yaranmasında əhəmiyyətli bir ünsürdür. 17 dekabr əməliyyatı da belə bir prosesin nəticəsidir. İranın ABŞ tərəfindən təcrid edilmiş bir ölkə olması Türkiyənin İran ilə rahat ticarət əlaqələri qurmasının önünə keçib. Türkiyə əvvəlki dövrlərdə sabit ölkələrə söykənirdi. Bu Türkiyəni AB ilə əlaqələrini sıx tutmağa sövq edirdi. Türkiyənin İran ilə qızıl ticarəti etməsini bölgədə meydana gələn bu olmlu havanın nəticəsi olaraq görürəm. Lakin Yaxın Şərqdə şərtlərin qeyri-sabit və ani dəyişikliyi ilə birlikdə beynəlxaq aləm Türkiyəni çirkli pul dövrüyyə etdirən ölkə olaraq əks etdirdi. Türkiyənin son dövrdə beynəlxaq aləmlə əlaqəsinin daha da artması, hətta daxili işlərinə müdaxilə şəklini alması ABŞ-İran yaxınlaşmasının siyasi bir nəticəsidir. Burada bunu söyləyə bilərik ki, 17 dekabr və Gəzi hadisələri Türkiyənin ərəb baharına münasibətinin cavabıdır. 17 dekabr ve Gəzi Parkı hakim Ak Partiya hökumətinə yerli, regional və qlobal reaksiyalardır. Sui-istifadə iddiaları Türkiyənin öz iç dinamikləri arasında mübarizənin əks olunmasıdır. Bu proses Türkiyəni yerli seçki prosesinə təsir edəcək. Seçkilərdə AK Partiyanın böyük bir səs itkisi yaşaması erkən seçkiyə səbəb ola bilər. Eyni zamanda da AK Partiyanın seçkidə səslərini qoruması iqtidarın nüfuzunu Türkiyədə daha da gücləndirəcək.

- Son olaraq bir məsələyə də münasibətinizi öyrənim. Ərdoğan İranda hansı problemi həll etməyə çalışırdı?

- Suriya daxilindəki döyüşlərdə bölgədə güclənən ən əhəmiyyətli dövlət İran oldu. İran həm ABŞ ilə əlaqələrini yumşaltdı, həm də bölgədə "regional bir güc" olduğunu sübut etdi. Baş nazirin İran ziyarəti Türkiyənin bölgədəki siyasi inkişafını arxa plana düşməsindən ötəri İrandan balans istəyinin nəticəsidir. İran-Türkiyə yaxınlaşmasının Suriya mövzusunda Türkiyə lehinə siyasi bir həll gətirəcəyini təxmin etmirəm. İran Türkiyə yaxınlaşmasının siyasi nəticələri daha çox Türkiyə-ABŞ əlaqələrinə əks oluna bilər.

Məhsəti Şərif, İstanbul
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti