“Kəlbəcərin hər daşı, torpağı üçün darıxmışam” - Məşhur idmançımız

 “Kəlbəcərin hər daşı, torpağı üçün darıxmışam” -  Məşhur idmançımız
  14 Noyabr 2020    Oxunub:4929
“Prezident İlham Əliyevin tarixi qələbə çıxışını, Kəlbəcərin azad edilməsi xəbərini eşidəndən sevincimizin həddi-hüdudu yoxdur. Keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. O gözəl torpaqları yenidən görmək üçün səbirsizlənirik”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın cüdo yığmasının üzvü, tanınmış idmançı Kifayət Qasımova deyib. O bildirib ki, Kəlbəcərdən çıxanda 6 yaşında olub.

“Balaca olmağıma baxmayaraq, hər şey bugünkü kimi yadımdadır. Kəlbəcərin hər daşı, torpağı, dağları üçün darıxmışam. Bacım, qardaşm məndən böyükdür, onlar o yerləri daha yaxşı xatırlayır. Kəlbəcərə geri qaydıcağımız anı səbirsizliklə gözləyirik. Ailəmin bəzi üzvləri Rusiyada qalır. Deyirlər ki, karantinə görə bağlanan yollar açılan kimi Azərbaycana gəlib, Kəlbəcərə gedəcəklər.

Birinci xəbəri alanda hər şey yuxu kimi gəlirdi. Gecə qardaşım zəng etdi, bacım o biri otaqdan qışqırdı, Prezidentin çıxışını izləyirdik. İnana bilmirdim. Bilirdim ki, torpaqlar gec-tez azad olunacaq. Amma birdən-birə qələbə xəbərini eşidəndə yerimizdə dura bilmirdik. Döyüşlər başlayandan qorxurduq ki, birdən yarımçıq qalar, başqa ölkələrin təzyiqi olar. Amma əksinə Qarabağ azad olundu. Ali Baş Komandan, Azərbaycan Ordusu sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin. Bu, qürurverici, gözəl andır”.



K.Qasımova Kəlbəcərdən çıxdığı günləri belə xatırlayıb: “Qışda, soyuq havada 2-3 gün yol gəldik. Qocalar, uşaqlar gələ bilmirdi, çoxu yolda öldü. Çox ağrılı günlər idi, zülmlə gəldik. İndi baxıram ki, şərəfsiz ermənilər rahatlıqla yüklərini yığıb gedirlər. Düzdür, biz erməni ola bilmərik. Amma düşünürsən ki, o günləri elə onlar da yaşayardı. Rahat çıxmaqları bəs deyil, hələ evləri, meşələri də yandırırlar. Görün, nə qədər iyrənc, şərəfsiz millətdir. Heç nə olmaz o yerlər yenidən qurulacaq. Cənab Prezident də dedi ki, hamı üçün şərait yaradılacaq. Bizə, xalqımıza yaşatdıqlarına görə ermənilərə həmişə o qədər nifrət etmişəm ki, yarışlarda onlara ancaq qalib gəlirdim”.


(Kifayət Qasımovanın Kəlbəcərədə çəkilən uşaqlıq fotosu)

Kəlbəcərin Qasımbinəsi kəndindən olan idmançı deyir ki, həmin kəndi atasının babası salıb.
“O kəndi Qasım babam saldığı üçün adına uyğun adlandırılır. Kəndin 99 faizi ancaq qohumlar idi. İndi hamı kəndə qayıtmağı gözləyir. Hamı müzakirə edir ki, orada evləri necə olub, dağıdılıb, ya qalıb? Bizim ev o dövr üçün ən yaxşı təminatı olan ev idi, deyilənə görə ermənlər yaxşı evlərdə qalırdı, dağıtmırdı. İndi bilmirik, bəlkə gedəndə dağıdıblar. Bacım qələbə xəbərini eşidən kimi dedi, babamın vəsiyyətini yerinə yetirəcək. Babam seyid idi, demişdi ki, qəbrinin üstünə heyvanlar çıxmasın deyə hasara alın. Ora getmək, gəzmək barədə fikirlər beynimdə canlanır, qəribə hisslər keçiririk”.



K.Qasımova Kəlbəcərdə idmançılar yetişdirəcəyinə ümid edir: “Mən idmançıyam, istəyirəm ki, orada Kəlbəcər idman kompleksi tikilsin, idmançılar yetişdirim. Ora havasına, suyuna, qidasına görə əsl idmançıya lazım olan yerdir. Qarabağı qaytarmaqla Azərbaycan böyük uğur qazandı, bu, iqtisadiyyata da fayda verəcək”.


(Kifayət Qasımovanın valideynləri)

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanmış bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək ölkəmizə qaytarılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Kəlbəcər   İdmançı  





Xəbər lenti