Cənnətlə Cəhənnəmin arasındakı yer: Əraf – ARAŞDIRMA

Cənnətlə Cəhənnəmin arasındakı yer: Əraf – ARAŞDIRMA
  28 Yanvar 2014    Oxunub:19286
Ölümdən sonrakı həyat barədə suallar bütün fikir cərəyanlarında mövcud olsa da, hər bir fəlsəfi və ya dini məktəb bu suala fərqli cavablar verir. İslam dini insanların ölümdən sonrakı həyatı barədə suallari axirət haqqındakı bilgilərlə cavablandırır. İslami inanclara görə, axirət ölümdən sonra gediləcəyinə inanılan sonsuz bir aləmdir. Bu aləm özlüyündə üç hissədən ibarətdir: yaxşıların məskəni Cənnət, günahkarların cəza yeri Cəhənnəm və bu ikisinin arasında yerləşən Əraf.

İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmrilə dirilib, məşhər meydanında sorğu-sual ediiləcəklər. Bu dünyadakı əməllərinə uyğun olaraq, yaxşılar cənnətə, pislər isə çəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək.. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.

Əraf

Cənnət və cəhənnəm haqqında Quran daha ətraflı, dəqiq danışıdığı halda, əraf mövzusuna yalnız bir yerdə - eyniadlı surənin (əl-Əraf) cəmi 4 ayəsində toxunulur: `Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (7.46-47). Növbəti iki ayədə də Ərafa salınanların Cənnət və Cəhənnəm sakinlərinə müraciətləri yer alıb. Göründüyü kimi, Əraf mövzusuna yalnız bu ayələrin köməyi ilə, təfsirlərsiz tam aydınlıq gətirmək mümkün deyil.

Mövzunu dinşünas alim Nəriman Qasımoğlu ilə müzakirə etdik. Onun açıqlamasına görə, "Əraf" Cənnətlə Cəhənnəmi ayıran "pərdə", "sədd", "yüksəklik" anlamında təfsirlənir: “Qurandakı müvafiq ayələrdən aldığımız təəssürat bundan ibarətdir ki, Ərafda qərarlaşanlar müəyyən dərəcədə suç yiyələri olsalar da, hələ Cəhənnəmə girməmiş kimsələrdir. Bəzi təfsirçilər onları cəhənnəm əzabını artıq dadmış və hansısa yaxşı əməllərinə görə Tanrı mərhəmətilə oradan qurtulub Cənnətə girmək gözləntisində olanlar kimi də təqdim edirlər. Mənə görə, bu sonuncu daha ağlabatandır”.

Bu bilgilər Ərafın təyinatına aydınlıq gətirsə də, yenə müəyyən suallar doğurur: Əraf məkani yoxsa, keyfiyyət mənasında orta kimi qəbul edilməlidir? Yəni, bu məkan coğrafi anlamda Cənnət və Cəhənnəmin arasında yerləşir, yoxsa Cənnət qədər gözəl olmasa da, Cəhənnəm qədər dəhşətli də olmadığına görə orta hesab edilir? Bəzi mütəxəssislər bunlardan birincini, bəziləri ikincini, bir qismi isə hər ikisini doğru sayır. Qurandan gətirdiyimiz sitatlar da üçüncülərin daha məntiqli olduğunu göstərir.

Katoliklərin ərafı

Cənnət və Cəhənnəm arasında yerləşən bir məkan haqqında anoloji təsəvvürlər xistianlıqda da var. Latınca Purgatorium termini ilə ifadə edilən bu anlayışı heç də bütün xristian təriqətləri qəbul etmirlər.

Uzun illər katoliklər Əraf kimi bir yer barədə inancları rədd etsə də 1439-cu ildən bunu qəbul etmiş, 1562-ci ildə isə bu inanc Vatikan tərəfindən ehkam kimi rəsmiləşdirilmişdir. Katoliklərə görə, Purgatorium günahkar insanların ölümdən sonra ruhlarının qalıq günahlardan təmizləndiyi yerdir. Bu yerin günah edərək sonra bağışlanmış və ya yüngülvari günahlara yol vermiş xristianlar üçün nəzərdə tutulduğu deyilir. Başqa sözlə, bu ehkama görə, xeyirxah xristian Cənnətə layiq görülə biləcəyi halda, buna mane olan azacıq günahları varsa, onun Purqatoriumda təmizlənmə şansı var. Katoliklər ölən yaxınlarının ruhlarının Purqatoriumdan xilas edilə biləcəyinə də inanır, onlar üçün əfvedici qurbanlar icra edir, messa duaları oxuyurlar.

Cənnəti pulla da almaq olar?

Katoliklər Purqatoriuma düşə biləcək insanlara – özlərinə və ya yaxınlarına Tanrı dərgahına yüksəlməkdə kömək üçün bəzən Papanın ödənişli xidmətlərindən olan indulgensiyadan istifadə edirlər. Bu üsul Papaya müəyyən məbləğdə nəzir müqabilində alınan xüsusi fərmandan ibarətdir.

Pravoslav inancında da ölənlərin ruhunun Tanrıya qovuşması üçün dualar edilir, nəzirlər verilir, kilsələrdə şamlar yandırılır, keşişlərə ölənlərin adı yazılmış “məktub”lar verilir. Sonunculara təbii ki, müqəddəs atanın oxuyacağı duanın zəhmət haqqı hesab edilən nəzirlər də əlavə edilir. Bu, bir növ, mollanın ölülər üçün müəyyən ödəniş müqabilində “Yasin” oxumasının anoloqudur.

Adı cəkilən dini cərəyanların bu məsələyə münasibətində yeganə fərqli məqam ondan ibarətdir ki, pravoslavlar Əraf və ya Purqatorium kimi bir yerin mövcudluğunu rədd edir. Onlar hesab edirlər ki, ruhlar ya əbədi həzz, ya da əbədi əzab üçün yaradılıblar. Bununla belə, günahı az olan ruhların müəyyən qədər əzab çəkdikdən sonra Tanrının hüdudsuz mərhəməti sayəsində Cəhənnəmdən azad edilərək Əbədi Məskənə yüksələ biləcəyinə də inanırlar və kilsələrdə ölənlərin ruhuna oxunan duaları da bu prosesin sürətlənməsi məqsədilə etdiklərini deyirlər.

Protestant xristianlar da pravoslavlar kimi Purqatorium deyilən bir yerin mövcudluğuna inanmırlar.

Katoliklər və müsəlmanlar Əraf və ya Purqatoriumun qiyamət ərəfəsində ləğv ediləcəyini qəbul etsələr də, bir çox ruhların o zaman da hələ də tam təmizlənməməsi ehtimalının bu məkanın bir müddət də saxlanılmasına səbəb ola biləcəyini istisna etmirlər.

Ərafda da əzab var

Əraf və ya Purqatorium bu ehkamı qəbul edən cərəyanlarda bir əzab yeri kimi təsvir olunur. Buradakı əzaablar ruhların əvəzi “ödənilməmiş” günahlarının cavabı və ruhların həmin günahlardan azad edilməsi vasitəsi kimi izah edilir. Amma Ərafdakı əzablar Cəhənnəmdəki qədər şiddətli də deyil. Yəni, hər günahın əzabı onun öz çəkisinə müvafiqdir.

Dantenin ərafı

Vatikanın Purqatorium ehkamını rəsmən qəbul etməsindən 241 i1 əvvəl (1321-ci ildə) məşhur İtaliya şairi Aligyeri Dante öz “İlahi komediya”sında xristıanlığın axirət barədəki təsəvvürlərini incəliklərinə qədər qələmə alıb. Onun təsvir etdiyi Purqatoriuma yol “Yerin mərkəzini ikinci yarımkürə ilə birləşdirən nazik dəhlizdən” keçir. Purqatorium okeanın ortasında konusvari bir dağ kimi təsvir olunur. Bu dağ yeddi hündürlük qurşağından ibarətdir və hər qurşaq müəyyən günüh və pis xasiyyətlərin təmizlənməsinə xidmət edir. Ərafın qapıçısı vəzifəsini daşıyan mələk girişdə Dantenin alnında qılıncla 7 ədəd P hərfi (peccatum - günah) çızır. Hər qurşaqda həmin P-lərdən (yəni, günahlardan) biri yoxa çıxır və sonda Dante dağın zirvəsindəki düzənliyə - Yer üzünün cənnətinə çatır. Oradan isə səma Cənnətinə yol başlayır.

Yer kürəsini əraf sayanlar da var

Qədim Veda təlimi də ruhun əbədi olduğunu, yəni canlı varlıqların mövcud maddi bədənlərini tərk etdikdən sonra həyatlarını davam etdirdiyini deyir. Daha doğrusu, Vedalara görə, canlı varlıq elə ruh və ya can adlı hissədən ibarətdir və maddi bədən isə onun bu dünyada təzahürünü gerçəkləşdirən vasitədir. Ruhi varlıqlar bədən adlı libasını tərk edərkən bu həyatdakı əməllərinə müvafiq olaraq ya maddi mövcudiyyatdan tam xilas olar və ruhi aləmə daxil olur, ya da maddi dünyadakı aləmlərdən (loka) birinə düşür, layiq görüldüyü canlı növü kimi doğulmaq üçün yeni valideyninin toxum hüceyrəsinə daxil edilir.

Veda kosmologiyasına görə, maddi dünya çoxlu kainatlardan ibarədir və bu kainatların hər biri saysız-hesabsız planetlərdən təşkil olunub. Bu planetlər isə 3 kateqoriyaya bölünür: cənnət planetləri, cəhənnəm planetləri və orta sistem planetləri. Vedalar bu planetlərin heç birinin əbədi məskən olmadığını, onlarda da həyatın müvəqqəti olduğunu deyir. Əbədi həyat yalnız bu maddi dünyanın xaricindəki hüdudsuz ruhi fəzadakı ruhi planetlərdədir.

Vedalar İslam dinindəki əraf anlayışına oxşar bir yerin olduğunu inkar etmir, əksinə, belə bir məkan haqqında daha geniş məlumatlar verir. Vedalara görə, yüksək keyfiyyətlərinə görə seçilən, amma bu keyfiyyətlərinin əbədi ruhi səltənətə yüksəlmək üçün kifayət etmədiyi canlar cənnət (Svarqa-loka), günahkarlar cəhənnəm (Patala-loka), günah və savabların hər ikisindən payı olanlar isə orta sistem (Bhu-mandala) planetlərində doğulurlar. Orta sistem dedikdə, Yer kürəsi tipli planetlər nəzərdə tutulur. Başqa sözlə, bizim yaşadığımız planet elə Vedaların “əraf”ı sayıla bilər.

Vedalar hesab edir ki, ruhların günahlardan və maddi mövcudiyyatdan tam azad olması üçün ən müvafiq yer məhz, orta sistem planetləridir. Çünki cənnətdəki həzzlər və cəhənnəmdəki əzablar insanın fikrini məşğul edərək özünüdərketmə posesinə mane olur. Burada – orta sistemdə isə həm həzz, həm də əzab movcud olduğu üçün bunların ikisinin ortasında bir məqam taparaq bir növ, hər ikisindən uzaq olmaq, bütünlüklə, ruhi özünügerçəkləşdirmə prosesinə qapılmaq mümkündür. Vedalar bunu xilas şansı kimi dəyərləndirir və Yer üzü sakinlərini bu şansdan düzgün yararlanmağa çağırır.

Olam-ha-ba

Yəhudilər və buddistlər də ruhun tam azadlığa layiq görülmədiyi halda yenidən maddi bədən alması fəlsəfəsini (reinkarnasiyanı) qəbul edirlər. Yəni, onlar da cənnətlə cəhənnəm arasındakı məkanın bu dünya olduğunu düşünürlər. Amma bu cərəyanların axirət aləmi barədəki təsəvvürlərində fərqlər də mövcuddur.

Yəhudilər axirət aləmini “olam-ha-ba” ( “o biri dünya” və ya “gələcək həyat” ) termini ilə ifadə edirlər. Bəzi yəhudi təriqətləri “olam-ha-ba”nın yalnız qiyamət günündən (Dəhşətli Məhkəmədən) sonra başlayacağını düşünürlər. Onlara görə, indiki həyatla “olam-ha-ba” arasındakı zaman kəsiyində isə Məsihin (imey maşiah) gəlişi, yəhudilərin cənnətmisal həyat sürəcəyi Qızıl əsr gözlənilir. Sonra isə ölülər dirləcək və qiyamət başlayacaq: “Və qəbirdə yatmışların bir çoxu ayılacaq: bəziləri əbədi həyat, bəziləri isə əbədi əzab və rüsvayçılıq üçün” (Bibliya, Xərac, 12.2).

Elektron Yəhudi Ensklopediyası (EYE) “olam-ha-ba” anlayışının sonadək aydın olmadığını etiraf edir: “Olam-ha-ba haqqında yəhudi təsəvvürləri ... hədsiz dərəcədə qeyri-müəyyəndir... Bilmək olmur ki, burada söhbət insanın son məkanından, yoxsa ölüm anı ilə cənnət və ya cəhənnəm arasındakı vaxt kəsimindən gedir. Həm də ruhun fiziki ölümlə yenidən dirilmə arasındakı zaman kəsimində harada olması aydın deyil” (EYE, “Olam-ha-ba”)

Ərafın kordinatları

Beləliklə, Əraf və ya Purqatoriumun yerini dəqiqləşdirmək mümkündürmü? Vedalar bu terminlərin anoloqu olaraq, orta sistem planetlərini nəzərdə tutur, bu sistemin kosmoloji mövqeyi, təyinatı, ünvanı barədə bütün suallara cavab verir. Yəhudi, Xristian və İslam ərafı isə istər fəlsəfi, istərsə də kosmoloji baxımdan mücərrədliklərdən xali deyil.

Məsələn, Ərafın harada yerləşməsi sualına “Cənnətlə Cəhənnəmin arasında” kimi mücərrəd bir cavabdan başqa bir kəlmə tapmaq çətindir. Bununla belə, onun yerini elə bu cavaba məntiqi yanaşmayla dəqiqləşdirmək mümkündür. Məsələn, biz Cəhənnəm və ya Cənnətin harada olduğunu bilsək, bu elə Ərafın yerini tapmaq deməkdir. Sizə qəribə görünür deyilmi? Yəqin, “ruhi aləmlərin ünvanı bu dünyada aranarmı?” –deyə, təəccüblənirsiniz... Məsələ bundadır ki, Cəhənnəm adlanan yerin elə biz yaşadığımız planetdə olduğu, hətta onun fotosunun mövcudluğu kimi şok məlumatlar var. Amma bütün bunlar barədə növbəti yazımızda...

Cəmşid Bəxtiyar
Xüsusi olaraq, azvision.az üçün



Teqlər:  





Xəbər lenti