Kölgə iqtisadiyyatımız niyə artır? – TƏHLİL

Kölgə iqtisadiyyatımız niyə artır? – TƏHLİL
  11 Fevral 2013    Oxunub:3050
Ölkə iqtisadiyyatına dair iqtisadi göstəriciləri nəzərdən keçirəndə Ümumi Daxili Məhsulda (ÜDM) kölgə və yaxud gizli iqtisadiyyatın payı həmişə sual yaradır. Azərbaycanda gizli iqtisadiyyatın varlığı rəsmi olaraq da etiraf edilir. Sadəcə, onun səviyyəsi barədə müxtəlif fikirlər irəli sürülür.
Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev deyir ki, iqtisadiyyatda onun səviyyəsi 2011-ci ilin məlumatına əsasən, ikirəqəmli ədədlə ifadə olunur. Ötən ilin yekununa görə isə həmin rəqəm hələ hesablanmaqdadır. "Hazırda 2012-ci ilin müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı hesablanır. Lakin 2011-ci ildə bu göstərici 9% təşkil edib",- deyə DSK sədri qeyd edib. Yeri gəlmişkən, əvvəllər bu rəqəm 20 % olub.
A.Vəliyev kölgə iqtisadiyyatına qanunsuz silah və narkotik maddələrin istehsalı və satışı, həmçinin, evlərdə fərdi qaydada çörək və sair məhsulların istehsalı və satışının daxil olduğunu deyib. Amma biz isə, məsələyə bir qədər də geniş yanaşmaq istərdik.
Məsələ bundadır ki, gizli iqtisadiyyat istənilən halda ölkə iqtisadiyyatının bir hissəsi olaraq hökumətin nəzarətindən kənarda qalan sahədir. Və bu sferada gəlir əldə edənlər aşkar fəaliyyət göstərməyin əslində bundan yaxşı olduğunu bilirlər. Sadəcə olaraq, onları buna daha çox qazanmaq istəyi məcbur edir.
Kölgə iqtisadiyyatının mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın bu sektorunda əldə olunan gəlirlər rəsmi uçotdan gizlədillir. Bunun isə adətən üç səbəbi olur: birincisi, vergi yükünün ağırlığı, ikincisi, hər hansı bir sahibkarın reputasiyasının və yaxud fəaliyyət sferasının normal qarşılanmaması, üçüncüsü isə məmur himayəçiliyi.
Vergilər yüksək olduqda bundan yayınmaq istəyənlərin sayı çox olur. İkinci halda söhbət kriminal yönlü fəaliyyətdən gedirsə, üçüncüdə isə dövlətin imkanlarından bir növ sui-istifadə edilir. Kölgə iqtisadiyyatının geniş vüsət almasına məhz üçüncü səbəb geniş meydan açır ki, onun təşəkkül tapmasında 70-80 % bu amil rol oynayır. Çünki bu zaman gizli fəaliyyətin risk dərəcəsi az olur ki, bu da məmurun səlahiyyət səviyyəsi ilə ölçülür. Ancaq gizli iqtisadiyyat subyektlərinın iş prinsipi və strukturları isə eynidir. Belə ki, bunların hamısında ikili mühasibat aparılır və bəzən rəsmi mühasibata ehtiyac qalmır. Belə strukturlar rəsmi dövlət qeydiyyatında olmurlar. Bunlara sırf krimnal yönümlü fəaliyyətlə məşğul olanlar və bir də idarəetmədə güclü dayaqları olanlar daxildirlər ki, gəlir və xərclərin uçotu primitiv, çox vaxt isə tapmacaya çevrilən alıb-aldatma metodu ilə aparıldığından, ortada nə rəsmi qaimə, nə də ki ödəniş sənədləri olur.
İlk baxışda çox sadə görünən belə uçot ucbatından ağır konfliktlər də yaranır.

Göründüyü kimi kölgə iqtisadiyyatının mahiyyəti, strukturu və iş prinsipi sivil cəmiyyət üçün böyük təhlükə mənbəyi sayılır. Bu sferada qazanılan pullar vergidən yayınmaqla dövlətin iqtisadi qüdrətinə ağır zərbə vurur ki, cəmiyyətdə hətta əlavə kriminogen vəziyyət də yaranır.
Digər tərəfdən, bu sahədə çalışanların əmək hüquqları qorunmadığından, sosial bəlalara da yol açılır. Rəsmi qeydiyyat olmadığı üçün insanların sosial müdafiəsi kimi məsələlərin həlli çətinləşir və bir qrup insan aldanmış olur.
Bəs, bütün bunlardan çıxış yolu nədədir?
Fikrimizcə, Azərbaycanda gizli iqtisadiyyatın payı ola bilsin, hələ 10 %-dən aşağı deyil. Çünki DSK-nin sədri özü də xeyli əvvəl ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına dair söylədiyi fikirlərdən birində bizdə statistikanın həqiqəti tam əks etdirmədiyini demişdi.

Söhbət, ondan getmir ki, məsələn, konkret olaraq gizli iqtisadiyyatı “görmək” mümkün deyil və yaxud da tutaq ki, ev şəraitində yağ, pendir, şərab istehsal edilir və mal-qara kəsilib satılır, amma bunları vergiyə cəlb etmək olmur.
Məsələnin kökü ondadır ki, ölkədə iqtisadi gəlirlərinin artmasına çalışan hər bir sahibkarın marağı hökumətin büdcə öhdəliklərini yerinə yetirmək istəyi ilə üst-üstə düşməlidir.

İqtisadi qanunlar da, bu istəklərin düz mütənasib gəlməsini tələb edir. Odur ki, ilk növbədə məhz, bunu təmin etmək lazımdır. Siyasətçi bizneslə “məşğul olan” yerdə isə təəssüf ki, buna nail olmaq çətindir.
Yeri gəlmişkən, ÜDM-in qeyri-neft sektorun inkişafı hesabına artmasına dair şərhlərimizdə bunun üçün birincisi, təkcə rabitəni, ticarəti, turizm və otelçiliyi, ictimai iaşə və sair kimi xidmət sahələrini deyil, əsas etibarilə sənaye, xüsusən də onun yüngül və yeyinti sferalarını, həmçinin kənd təsərrüfatını da nəzərə almağın vacib olduğunu, ölkədə kiçik və orta sahibkarlığın inkişaf səviyyəsini iqtisadiyyatın məhz adı çəkilən sahələrində istehsal olunan məhsulların həcmi, çeşidi, keyfiyyəti və rəqabətqabiliyyətliyi ilə ölçülməli olduğunu qeyd etmiş, bütün bu addımların effekt verməsi üçün isə gömrük və vergi siyasətinin təkmilləşdirilməli, onun yerli və yeyinti sənayesi ilə kənd təsərrüfatını stimullaşdırıcı əhəmiyyətini maksimum səviyyəyə çatdırmaq lazım gəldiyini yazmışdıq.

Şimalı amerikalıların belə bir məsəli var ki, siyasətlə adətən, biznesdə bəxti gətirməyənlər məşğul olurlar. Bəlkə də ona görədir ki, bu gün kölgə iqtisadiyyatının az qala sıfır səviyyədə qeydə alındığı ölkələr sırasında birinci yeri məhz ABŞ tutur.

Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi


Teqlər:  





Xəbər lenti