İslamın ilk terrorçuları – ARAŞDIRMA

İslamın ilk terrorçuları – ARAŞDIRMA
  23 Yanvar 2014    Oxunub:5644
1098-ci ildə Fransa imperatorunun şəxsi nümayəndəsi qraf De La Kotye bir neçə həftəlik uzun və ağır yol qət etdikdən sonra, nəhayət ki, səfərinin əsas məqsədinə – Əlamüt qalasına çatdı. İranın şimalında, dağların əhatəsində yerləşən bu qala öz əlçatmazlığından daha çox, sahibinin adı ilə məşhurlaşmışdı. Qraf məhz qəsrin sahibi ilə görüşmək üçün bu qədər uzun və təhlükəli yol qət etmişdi.

Həsən ibn Əs-Sabbah fransızların səfirini şərq lütfkarlığı və eyni zamanda soyuqqanlığı ilə qarşıladı. Bu, öz növbəsində hər şeyi ifadə edə biləcəyi kimi, heç nə göstərməyə də bilərdi. Şərq ölkələrində yaşadığı illər ərzində qraf bir həqiqəti dərk etmişdi – insanın necə gülməsi və ya nə danışması əhəmiyyət kəsb etmir. Əhəmiyyətli sayıla biləcək şey həmin insanın nə zaman və necə hərəkət etməsidir. Qrafın qarşısına qoyulan məqsəd də, məhz bu sonuncunu aydınlaşdırmaqdan ibarət idi – Şeyx Həsən və onun müridləri nə etməyə hazırlaşırlar.

Çoxları Həsəni «Dağlar qocası» adlandırırdı. Bəlkə də buna səbəb Əlamüt qalasının uca, əlçatmaz zirvələrdə yerləşməsi olub. Lakin Həsəni qoca adlandırmaq heç cür mümkün deyildi. Şərq adətinə görə, qarşısında duran Şeyxin gözlərinin içinə baxmamağa çalışan qraf, buna rəğmən hiss edirdi ki, Həsən insanın hakimiyyətə can atdığı və onu əldə etmək üçün hər cür mübarizəyə hazır olduğu yaşlardadır. Söhbət məhz nəsildən-nəslə keçən irsi taxt hakimiyyətindən getmir, məhz o hakimiyyətdən gedir ki, onu yalnız ağıl, zor və qan gücünə əldə etmək olar. Həsən məhz taleyinə belə bir qismət yazılmış insan idi.

Qorxunc hakimiyyət

Qrafın qarşısına çox incə və diplomatik məsələ qoyulmuşdu. Şübhəsiz ki, xristian hökmdarının, indi qarşısında dayandığı «aliməqam Əlamüt şeyxi» ilə ittifaqı, hətta bu ittifaq gizli olsa belə, ağlasığmaz idi. Lakin belə bir ittifaqın mümkünsüzlüyünü də iddia etmək olmazdı. Hər iki tərəf bu ittifaqdan yalnız mənfəət əldə edə bilərdi. Qraf da təmkin və ehtiyatla, şərqlilərə məxsus bəlağətli sözlərlə Həsənə təsir etmək ümidindəydi.

O, həmişə şərqlilərlə söhbət etdiyi zaman bu cür danışır, onlarda maraq oyatmağa çalışırdı. Çox zaman öz fikirlərini aydınlaşdırmaq, gətirdiyi arqumentləri gücləndirmək üçün, şərq şairlərinin qəzəllərinə də müraciət edirdi. Qraf sanki fransızca deyil, onların dilində düşünürdü, o, hər şeyə onların gözü ilə, onların maraq dairəsi ilə baxmağa çalışırdı. Şərqin incəliklərinə və ədəbiyyatına, fəlsəfəsinə dərindən bələd olan qraf, bununla belə, Qurandan misallar gətirməzdi. O, yaxşı bilirdi ki, xristian dodaqlarından qopmuş müqəddəs Quran kəlamları başqa cür səslənə bilər. Bunun isə qiyməti çox ağırdır. Nə yaxşı ki, qraf zamanında bu dili mükəmməl öyrənmişdi. O, həm özündən, həm qarşısına qoyulan əhəmiyətli məsələdən, həm də çox incə diplomatik kombinasiya qurmuş hökmdarından razı idi.



Həmin gün Həsən ibn Əs-Sabbah heç bir cavab vermədi. Lakin, qraf bunun belə olacağını təxmin etmişdi. Axşamçağı onlar qala divarlarının ətrafında gəzintiyə çıxdılar. Söhbət incə mətləblərdən, lakin eyni zamanda qrafı buralara gətirən əsas məqsəddən kənar şeylərdən – poeziyadan, təbiətdən, ruhun kamilliyindən gedirdi. Əsasən də ruhun kamilliyindən.

- Dağların bu yerindən açılan mənzərə – qraf sözə başladı – istər-istəməz insanda fəlsəfi fikirlər yaradır.
İşinin incəliklərinə xüsusi diqqət yetirən diplomatlar kimi, qraf, əlinə imkan düşdükcə ev sahibinə xoş sözlər söyləyirdi.
- Siz mənim qonağımsınız, - Həsən gülümsədi - Əgər bu misgin mənzərə sizi öz yurdunuzda heç zaman fikirləşmədiyiniz şeylər barədə düşünməyə vadar etdisə, mən çox sevinər və rahat olardım.
Qraf sonuncu sözlərin mənasını özü üçün aydınlaşdıra bilmədi. Həsənin bu sözlərini necə qiymətləndirmək olar: xoş iltifat, yoxsa təhqir kimi?
Lakin, bununla belə, hər ehtimala qarşı gülümsündü. Qrafın da təbəssümü, Həsənin sözləri kimi ikibaşlı göründü. Bunu hiss edən şeyx, öz fikrinə aydınlıq gətirməyi lazım bildi.
- Mənim çox hörmətli qonağım, bu gün öz hökmdarının sözlərini mənə çatdırarkən, baş tuta biləcək ittifaqın bizə vəd etdiyi mənfəətdən söz açdı.
Qraf hörmətlə Əlamüt şeyxinin qarşısında baş əyərək, sanki, dediklərini öz hərəkəti ilə bir daha təsdiq etməyə çalışdı.
- Siz xristianlar – Həsən öz iti nəzərlərini qrafın gözünün içinə zillədi, - yalnız bu barədə düşünürsünüz: mənfəət. Bunun üçün bir-birinizi satmağa, hətta qanını içməyə hazırsınız. Lakin barada yaşadığın, məhz bu zirvələrdən dünyaya baxdığın zaman, hər şeyi başqa cür görməli olursan. O şeyləri ki, siz görmürsünüz, görə bilmirsiniz. O? mənim adamımdır... – deyə Həsən başı ilə qala divarlarında keşik çəkən müridinə işarə etdi – indi isə, ey firəng, diqqətlə bax!

Həsən əlini havada yellədən kimi, qrafın gözləmədiyi bir hadisə baş verdi. Ağ əbada olan keşikçi dərhal qılıncını kənara ataraq, özünü uçuruma tulladı.
Qraf elə bildi ki, gözləri onu aldadır. O, bilirdi ki, belə şey ola bilməz. İnsan elə-belə, əlin bir tərpənişi ilə, özünü uçuruma tullamaz. Qonağının fikirlərini oxuyurmuş kimi, Həsən nəzərlərini başqa bir keşikçiyə çevirib əlini yellədi. O da digəri kimi qılıncını yerə buraxaraq, özünü qala divarlarından aşağı atdı. Dəhşətə gəlmiş qraf, Həsəni saxlamağa macal tapa bilməmişdi ki, üçüncü keşikçi də eyni şeyi etdi.

- Mənim yetmiş min müridim var. Onlar mənə sədaqətlidir. Mənim yolumda ölümə də gedərlər – Həsən qonağına baxmadan danışırdı, bu isə onun narazılığının ifadəsi idi – Sənin hökmdarının necə, bu cür sədaqətli tərəfdarları var? Mənim bu sözlərimi ona çatdır. Bu, mənim cavabımdır.

Şeyxin «70 min müridim var» deməsi sıradan bir söz deyildi. Məhz buna görə, Xəzərdən tutmuş Atlantikaya, Nildən Skandinaviyaya qədər bütün hökmdarlar onun qarşısında tir-tir əsirdilər. Onun nə imperiyası, nə ordusu var idi. Onun əlində olan yeganə silah – hakimiyyəti idi. İnsanlar üzərində qorxunc hakimiyyət, bir başqalarını öldürməyə və ölməyə məcbur edə biləcək iqtidar...

«Assasiyun»lar

Həmin dövrün hökmdarlarından heç kim özünü Həsənin iqtidarından kənar hesab edə bilməzdi. Paklığın və qanın rənginə uyğun olaraq bəyaz xirqə geymiş, belinə qırmızı qurşaq bağlamış müridlər öz şikarlarını harada olsa tapırdılar. Nə qala qapıları, nə silahlı keşik dəstələri onların qarşısını kəsə bilirdi. Şeyxlərindən yeni tapşırıq alan müridlər, hətta ən dəhşətli ölüm badəsini belə acgözlüklə içməyə hazır idilər.



Əlamüt ölüm qalasına, Həsən Əs-Sabbah Əzrayıla, müridlər isə ölüm mələyinin ən qorxulu xidmətçilərinə çevrilmişdilər. Onların qarşısında əyilməyən baş yox idi. Fərq etməz, bu baş ya özü əyilməliydi, ya da ki, bir qılınc zərbəsi ilə ayaqlar altına diyirlənirdi. Onlar tarixin indiyədək tanıdığı ən mütəşəkkil və gizli təşkilatlarından birinin – «Assasiyunlar» təriqətinin üzvləri idilər. «Assasin» sözünün indi də bir çox Avropa dillərində «qatil» mənasında işlənməsi, bu təşkilatın onların tarixində necə dərin iz buraxdığından xəbər verir.
Ümumiyyətlə, onlar kim idilər və nə istəyirdilər?

İsmaililər təriqət olaraq şiə məzhəbili müsəlmanlar tərəfindən yaradılıb. Başqa şiələr kimi Cəfər əs-Sadiq daxil olmaqla ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra imamətin, on iki imama inananlardan fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar.
“İsna əşəri”lərdən (on iki imamçılardan) fərqli olaraq yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) də deyilir. Bu məzhəbin ardıcılları Cəfər əs-Sadiqin imaməti bilavasitə oğlu İsmailə həvalə etdiyinə inanırlar. İsmail atasından öncə vəfat etdiyinə görə, onun tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabeçilik göstərmək vacibdir.

İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin əsasını qoyub. İsmaililər yarandığı ilk dövrdə imamların yeddi olduğuna etiqad etsələr də, sonralar inandıqları imamların sayı artıb. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi dediklərimizi açıq-aydın isbat edir. Eyni zamanda ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam hesab olunub.

Xəlifə əl-Müntəsirinin ölümündən sonra (1094-cü il) şiə İslamının ən böyük təriqətlərindən biri olan İsmaililər arasında parçalanma baş verdi. İsmaililər iki cəbhəyə – nizarilərə və müstəlilərə ayrıldılar.

İsmaili hərəkatının siyasi dəstəyi ilk növbədə Qairədəki Fatimi xəlifəsi əl-Müntəsirdən gəlirdi. Fatimi-Abbasi rəqabətində ismaililər birinciyə tam dəstək verməkdə idilər və onu qanuni imam hesab edirdilər. Lakin əl-Müntəsirin vəfatından sonra, 1094-cü ildə Misirin ambisiyalı vəziri əl-Əfdal qanuni varis olan Nizarı taxtdan uzaqlaşdıraraq həbs etdirir. O, istəyirdi ki, hakimiyyəti onun kiçik qardaşı əl-Müstəliyə devr etsin. Əl-Müstəli vəzirin bacısının əri idi və hakimiyyətin kiçik qardaşa ötürülməsi vəzirin faktiki olaraq taxtın hakimi olması demək idi. Vəzir buna nail olur. Nizar isə İsgəndəriyyəyə qaçıb qiyam qaldırmaq istəsə də, məğlub olub zindanda öldürülmüşdür.Lakin “dağlar qocası” bu dəyişikliyi qəbul etmir. Səbbah əl-Müstəlini imam olaraq qəbul etməkdən imtina edir və Nizarı dəstəkləməkdə davam edir. Həsənin tərəfdarları sonra təsdiqləyirdilər ki, Nizarın azyaşlı oğlunu gizli şəkildə Əlamütə gətirərək, qeyb olmuş imam kimi yetişdirirdilər. Nizarı dəstəkləmələri səbəbi ilə isə, Sabbahın tərəfdarlarına artıq “nizarilər” deyilməyə başladı. Dağlar qocası artıq ciddi problemlə baş-başa qalmışdı. Əvvəllər o, Abbasilərə qarşı mübarizədə Fatimilərin dəstəyini almaqda idi, indi isə artıq tək qalmışdı...

Əs-Səbbah öz dailərini İslam coğrafiyasının hər nöqtəsinə göndərərək tərəfdarlarının sayını artırmağa cəhd göstərdi. Nəticədə, Abbasi və Fatimi torpaqlarında baş alıb gedən özbaşınalıqlar, dağlar qocasına böyük tərəfdar kütləsi qazandırdı. Həsən biri birinin ardınca bir sıra qalaları və ətrafdakı bölgələri öz nəzarəti altına aldı. Ağır həyatdan bezmiş yerli camaat isə, cənnəti görmək ümidi ilə həvəslə şeyxin fədailər ordusuna qoşulmaqda idi.



Nizarilər İranda və şərqin Fatimi xilafətinə daxil olmayan başqa ölkələrində, müstəlilər isə Qərbdə Misir və Fatimi Xilafətinə tabe olan ölkələrdə üstünlük təşkil edirdilər. Qeyd etmək lazımdır ki, İsmaililərin bu iki qolu indi də qalmaqdadır.

İsmaililərə görə İslam şəriətinin həm zahiri, həm də batini mənaları var. İsmaililər daha çox batini şəriətə önəm verdikləri üçün onları "batinilər" də adlandırırlar. İsmailiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də “Qurani-Kərim” ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu "yozmalar" müqəddəs kitabın batini mənalarını bilən imamlardan gəlir. Bu cür yanaşmalar bəzi sufi təriqətlərinin təlimlərində də var. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram problemlərinə əhəmiyyət verməyib, batini mənalarının dərk olunmasını vacib hesab edib.

Onlar inanırdı ki, Allah imamları başqa müsəlmanlardan daha üstün tutaraq, onlara varlığın bütün gizlinləri haqqında bilik verib. İsmaililərə görə, imamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdir və özlərini tərəfdarlarına açıq-aşkar göstərməyib, "gizli" də qala bilirlər. İsmaili inancına görə sonda "gizli imam” dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində qərb fəlsəfəsindən geniş şəkildə bəhrələnib. Onlar antik pifaqorçuluğun və yəhudilərin Kabbala adlı mistik təliminin təsiri ilə rəqəmlərin mistikasına, müqəddəsliyinə inanırdılar. İsmaililər "yeddi" rəqəminə böyük önəm vermiş və onu müqəddəs hesab etmişlər.

Nizarilərin əsas kütləsi Suriyanın, Livanın, İraqın və İranın dağlıq rayonlarında fəaliyyət göstərirdi. XI əsrin axırlarında onlar mərkəzi Əlamütdə (İranın şimalı) olan müstəqil dövlət yaratdılar və bu dövlət XII əsrin ortalarınadək mövcud oldu. Nizari ismaililəri dövlətinin banisi Həsən ibn Əs-Sabbah «əd-dəvət əl-cədidə» (yeni çağırış) adını alan təlimdə öz sosial və siyasi fikirlərini şərh edirdi. Onun təlimi həmçinin, fatimilərin «əd-dəvət əl-qədimə» (köhnə təlim) təlimindən fərqli olaraq «yeni ismailizm» adlandırılırdı.

Siyasi mübarizə praktikasında nizarilər terrorçuluq metodundan geniş istifadə edirdilər: terrorçuluq tədbirlərinin narkotik maddə (həşiş) qəbul edən icraçıları orta əsrlərdə Yaxın Şərqdə «həşşaşilər» adı ilə məşhur idilər. Bu ad Avropa dillərinə (ingilis, fransız, italyan) təhrif olunmuş formada (assasin) «qatil» mənasında daxil oldu. Hazırda bəzi ölkələrdə «xoca» adlandırılan nizarilər Asiya və Afrikanın 20-dən artıq ölkəsinə yayılıb. Onların Ağa Xan fəxri adını daşıyan ruhani başçısının iqamətgahı Hindistanda və Geniyada yerləşir (bax: İslam. B., 1989, s. 73).

«Dağlar qocası» Həsən Əs-Səbbahın özünün də maraqlı tarixi var. Həsəni Əlamüt qalasına aparan yol uzun və heç də düz olmayıb.

Nizamülmülkün ədavəti

Səlcuq sultanının vəziri, məşhur «Siyasətnamə» əsərinin müəllifi Nizamülmülkün himayəsi Həsənin qarşısında saray qapılarını taybatay açmaqla yanaşı, ona yüksək bir vəzifə, nazir vəzifəsi də qismət etdi. Çox keçmədi ki, Həsən vəzirə öz minnətdarlığını bildirdi, lakin başa düşdüyü, özünə məxsus tərzdə. Nizamülmülk yazır: «Mən israrla sultana onu məsləhət gördüm və nəhayət, onun divanxanasında nazir işləməsinə nail oldum. Lakin atası kimi özü də yalançı və əclaf çıxdı. O, o qədər riyakar və ikiüzlüdür ki, sanki Allahı tanımır, baxmayaraq ki, dindardır. Tezliklə o, hətta Sultanı belə özünə tam tabe edə bildi».

Həsənin sarayda sürətlə irəliləməsinin qarşısını yalnız bir nəfər kəsirdi. O həmin adam idi ki, Həsən ona hər şeyini borclu idi – saraya gəlməsindən tutmuş, tutduğu nazir vəzifəsinədək. Həmin şəxs vəzir Nizamülmülk idi. «Minnətdarlıq» hissi Həsənə çox ağırlıq edirdi və o, uzun müddət bu ağır yükü öz çiyinləri üzərində gəzdirə bilməzdi.

Bir müddət keçdikdən sonra Həsən Sabbah Nizamülmülkün rəqibləri vasitəsi ilə Sultan Alp Arslanın qulağına çatdırır ki, ölkənin maliyyə-vergi vəziyyəti yaxşı deyil. Mənimsəmə, yeyinti var, xəzinədə böyük çatışmazlıq əmələ gəlib və s. Hər halda yoxlama və hesaba böyük ehtiyac var. Bu işlərin hamısı isə Nizamülmülkün ixtiyarında idi.

Alp Arslan, nəhayət, Nizamülmülkü çağırtdırıb vilayətlər üzrə bütün ölkə haqqında kamil və hərtərəfli hesabat hazırlamasını və şəxsən ona təqdim etməsini tapşırır. Nizamülmülk saraya toplanmış əlaqədar adamların yanında deyir ki, belə mühüm və məsuliyyətli iş üçün xeyli müddət tələb olunur.

Nizamülmülk şübhəsiz ki, vəziyyətin necə olduğunu hamıdan yaxşı bilir, Sultanın gözlənilmədən belə hesabat istəməsini yaxşı niyyətlə olmadığını da gözəl duyurdu. Vaxt nə qədər çox olsa, o qədər əlverişli idi. Alp Arslan nə qədər vaxt lazım olduğunu soruşur. Vəzir altı ay möhlət istəyir. Məclisdə iştirak edən Həsən Sabbah yerindən duraraq baş əyir, bu iş ona həvalə edilərsə, hesabatı iki həftə ərzində hazırlaya biləcəyini söyləyir (A. Bolotnikov. Ömər Xəyyam. M., 1935, s. 181). Bu təklif Nizamülmülkü sarsıdır. Sultan həsənlə razılaşır və bir müddət kəskin baxışlarla öz vəzirini süzür. Hələ uzun müddət Nizamülmülk bu baxışları öz yaddaşından silə bilmir.

Ardı burada

Vüqar Zifəroğlu
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti