Livan və Belarusu qarışdıran “gizli əllər”

Livan və Belarusu qarışdıran “gizli əllər”
  12 Avqust 2020    Oxunub:3701
Son günlər baş verən hadisələr fonunda Livanla yanaşı Belarus da dünyanın nəzər nöqtəsinə çevrilib. Hər iki ölkədə cərəyan edən siyasi proseslər fərqli mənbədən başlasa da, hazırda hadisələrin məcrasının dəyişdirilməsinə cəhdlərin şahidi oluruq.
Heç kimə sirr deyil ki, hər zaman müəyyən xarici dairələr, “gizli əllər” bəzi ölkələrdə iğtişaşlar, kütləvi etiraz aksiyaları və vətəndaş müharibələrinə səbəb olacaq xaosun yaradılmasında maraqlı olublar. Buna misal olaraq güclü Avropa ölkəsi sayılan Fransada “Sarı jiletlilər” hərəkatından tutmuş, Asiyada ötənilki Honkonq mitinqlərinədək bir çox hadisələri göstərmək olar.

Bəs Livanda partlayışdan sonra başlayan kütləvi aksiyalar, ardınca Belarusda yaşanan iğtişaşlar nədən xəbər verir?

Ekspertlərin fikrincə, Livandan sonra Belarusda etiraz aksiyalarının genişlənməsində maraqlı olan, bu ölkələri qarışdırmaq istəyən qüvvələr mövcuddur. Proseslərin sonrakı gedişatında hər iki ölkədə qarışıqlıq yaratmağa cəhdlər edən “gizli əllərin” aşkar şəkildə görünməsi ehtimal edilir.



Hazırda bütün dünyanın diqqətlə izlədiyi Livan və Belarusda gedən siyasi prosesləri, eləcə də bu hadisələri fərqli istiqamətə yönəltmək cəhdlərini Azvision.az-a şərh edən politoloq Fikrət Sadıqov deyib ki, bulanıq suda balıq tutmağa cəhd edən xarici qüvvələr hər zaman mövcud olublar:

“Əslində reallıq budur ki, Livanla Belarus arasında böyük fərq var. Burada hər iki ölkənin geosiyasi mövqeyindən tutmuş, iqtisadi amillər və düşmənləri, beynəlxalq münasibətlərdəki mövqeləri, idarəedicilərinə qədər fərqli durumda olmasını görə bilərik. Hazırda Livanla yanaşı Belarusun daxilində baş qaldırmış iğtişaş və mitinqlər fərqli səbəblərə bağlıdır. Əgər Livanda bu etirazlar və xaosa səbəb olan iğtişaşlar ölkəni sözün həqiqi mənasında silkələyən güclü partlayışa görə oldusa, Belarusda prezident seçkilərinin nəticələrinin elan olunması ilə əlaqədardır”.

Politoloq vurğulayıb ki, bu ölkələrdə iğtişaşlar, qarışıqlıq fərqli səbəblərdən yaranmasına baxmayaraq, onları birləşdirən müəyyən məqamlar mövcuddur: “Bu məqamlar xaricdə mövcud olan və hər an ölkəni daha da qarışdırmaq üçün startda dayanan müəyyən dairələrlə bağlıdır. Çünki həm Qərb ölkələrində, həm Rusiyanın özündə, həm də Şərqi Avropa ölkələrində Belarus Prezidenti Aleksandr Lukaşenkonu qəbul etməyən kifayət qədər qüvvələr var. Müəyyən ssenarilər və təlimatlar çərçivəsində bu qüvvələrin yaranmış hazırkı “münbit” şəraitdən istifadə edərək ölkədə çaxnaşmalar yaratmağa cəhdlər, ölkədə vəziyyəti qeyri-stabil duruma salmaq istəyi xeyli çoxalıb. Belarusun dövlət başçısı kifayət qədər güclü bir şəxsiyyət və təcrübəli siyasət adamıdır. O, hazırkı duruma qədər bu cür cəhdlər və ölkəni qarışdırmağa hesablanmış gizli planların qarşısını ala bildi”.



Belarusdan fərqli olaraq Livanda vəziyyətin daha mürəkkəb duruma gəldiyini deyən Fikrət Sadıqov yaxın vaxtlarda bu ölkədə stabilliyin bərpasını real hesab etmir: “Çünki Livanın hökuməti demək olar ki, tam istefa verdi. Bu ölkədə belə bir xarizmatik siyasətçi yoxdur ki, indiki ağır, çətin durumda önə çıxıb ölkəyə nəzarət etsin, xalqın qarşısında duraraq qarışıq vəziyyətə düşən dövləti siyasi böhrandan çıxara bilsin. İdarəetmədəki bu cür situasiya təsadüfdən yaranmayıb. Çünki ölkədə çoxkonfessionallı bir sistem var. Uzun müddətdir ki, Livanın daxilində xaricdən idarə olunan müxtəlif aktiv qüvvələr mövcuddur. Burada bir deyil, bir neçə dövlətin böyük maraqları önə çıxır. Həm Qərb, həm Yaxın Şərq ölkələri, eləcə də İran tərəfindən bu ölkədə daim ciddi siyasi maraqlar müşahidə edilib. Ona görə də Livanın hələ uzun müddət çaxnaşma vəziyyətində qalacağını demək olar. Bu ölkədə adi hökumət formalaşdırmaqla məsələ həll olunmayacaq. Livanda çox ciddi və köklü islahatların zamanı çatıb və həm dövlət idarəçilik sistemində, həm də ölkədəki qüvvələrin bir araya gəlməsi konteksində ciddi tədbirlər görülməlidir. Əks təqdirdə yaxın vaxtlarda bu ölkədə xaousun şahidi olacağıq və yuxarıda da qeyd etdiyim kimi, bu vəziyyətdən istifadə edən bəzi xarici dairələr daha da fəallaşa bilərlər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Livan   Belarus   Aksiya   İğtişaş  





Xəbər lenti