Bu ilin inflyasiya gözləntisi - TƏHLİL

Bu ilin inflyasiya gözləntisi - TƏHLİL
  18 Mart 2013    Oxunub:2853
Yaxud BVF nəyə əsaslanır
Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə həyata keçirilən pul-kredit siyasətini sərtləşdirmək barədə tövsiyəsi bir daha adı çəkilən qurum başda olmaqla beynəlxalq maliyyə və iqtisadi təşkilatların Azərbaycanda qeyri-neft sektorunun inkişafında maraqlı olmadıqlarını göstərir.

BVF bununla neçənci dəfədir ki, ölkəmizdə mövcud iqtisadi vəziyyətə uyğun gəlməyən və real iqtisadi tələbin əksinə olan təkliflər irəli sürür. Keçən il ölkəmizdə inflyasiya 1,1% təşkil etdi. Bu isə ötən onillik ərzində 2001 və 2009-cu illərdə qeydə alınan 1,5%-lik nəticədən də aşağı idi. Ümumiyyətlə, ölkədə 2009-cu ildən indiyə qədər (2009-cu ildə 1,5, 2010-cu ildə 5,7, 2011-ci ildə isə 7,9 %) ardıcıl olaraq, birrəqəmli inflyasiya səviyyəsi qeydə alınır ki, hər dəfə də bunun qorunub saxlanılacağı deyilir.

Ölkədə makroiqtisadi vəziyyətin qorunub saxlanılması üçün təbii ki, bu, vacibdir. Ancaq məsələ bundadır ki, əvvəlki şərhlərimizdə də yazmışıq ki, 2012-ci ildə orta illik inflyasiya səviyyəsinin cəmi 1,1% təşkil etməsi heç də məqbul deyil. Bu, ölkədə iqtisadi fəallığın qeyri-qənaətbəxş vəziyyətdə olduğunu göstərir.

Ona görə də sual yaranır ki, belə şəraitdə qeyri-neft sektorunda iqtisadi artımı tam dəstəkləmək olarmı? İnfyasiyanın həddindən artıq aşağı olan birrəqəmli səviyyədə saxlanılması və yaxud da onun bu cür qeydə alınması ilə tələb olunan iqtisadi artıma nail olmaq mümkündürmü?
Şübhəsiz ki, yox...
Məlum olduğu kimi cari il üçün də ölkədə Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiyanı birrəqəmli səviyyədə - 5-6% olmasını nəzərdə tutur ki, adı çəkilən qurum onun məhz bu həddə hədəfləndiyini və bundan ötrü çevik pul siyasəti, o cümlədən, sabit, ixraca dəstəkçi məzənnə siyasəti həyata keçiriləcəyini bildirib. Bəzi rəsmilər isə bu il ölkədə inflyasiyanın 3-5 % səviyyəsində olacağını deyib. Bu da onu göstərir ki, hökumətdə bu barədə əslində, yekdil gözlənti yoxdur.

Ancaq istənilən halda, ölkədə bu sahədə yumşaq siyasət yürütmək istənildiyi göz qabağındadır. AMB İdarə Heyətinin qərarı ilə keçənilin sonunda, daha dəqiq desək, 10 dekabr 2012-ci il tarixdən uçot dərəcəsinin səviyyəsinin 5,25 %-dən 5%-ə, ardınca 11 fevral 2013-cü il tarixdən 4,75%-ə endirilməsi deyilənə sübutdur. Çünki ölkəmizdə iqtisadiyyatın inkişafını dəstəkləmək üçün hökumətin qarşısında hazırda daha geniş imkanlar açılmışdır ki, real sektoru maliyyələşdirməyə tələb xeyli artıb. Və bu baxımdan, AMB-nin qeyd olunan səviyyədə endirim etməsi ehtimalı əslində çox azdır. Ona görə ki, hər dəfə sözügedən addımın inflyasiyanın optimal səviyyədə olması nəzərə alınmaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaradılması və bu yolla da qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün atıldığı bildirilsə də, bundan da böyük rəqəmlərlə dəyişikliklər edilən zaman, ölkədə kommersiya bankları tərəfindən təklif olunan kredit faizlərində ucuzlaşma baş vermir.

Ona görə də, birmənalı qeyd etmək olar ki, inflyasiya sahəsində ölkəmizdə real olaraq, heç bir təhlükə yoxdur. Və bunu son aylara dair statistika da sübut edir. Cari ilin fevral ayında da yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,5 %, ərzaq məhsulları 1 % bahalaşmışdır ki, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə yanvardakı səviyyədə qalıb.

Başqa sözlə desək, 2012-ci ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1%, qeyri-ərzaq malları 0,4%, xidmət tarifləri 3,4% bahalaşıb, ərzaq məhsulları isə 0,2% enib. BFV isə yaxın aylarda ölkədə inflyasiyanın yüksələcəyini proqnoz edir.

Sual olunur ki, nəyə əsasən? Adı çəkilən qurum ölkəmizdə qiymətlərin tezliklə yüksələcəyini görəsən, nəyə görə israr edir? Doğrudanmı, buil ərzində Azərbaycanda inflasiyaya əlavə təzyiqlər mövcuddur?

Məsələ bundadır ki, adı çəkilən qurum bunu keçənilin sonundan bəyan edir. Səbəb isə bizcə, ondan ibarətdir ki, ölkəmizdə son illər qeyri-neft sektoru sürətlə inkişaf edir. 2012-ci ilin nəticəsinə görə, ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalı 2,2% artmaqla 2011-ci ildə olduğu kimi iqtisadiyyatın qeyri-neft sektoru hesabına əldə edildi ki, sonuncu keçən il 9,7% artaraq ÜDM-də 52,7 % səviyyəyə çatıb.

Maraqlıdır: ölkəmizdə neft gəlirləri yüksək olan zaman - inflyasiyanın ikirəqəmli səviyyədə təşkil etdiyi 2007 və 2008-ci illərdə isə BFV əksinə, hökumətə ixracı dəstəkləmək, yerli istehsalı və sahibkarlığı inkişaf etdirmək məqsədilə yumşaq pul-kredit siyasəti həyata keçirtməyi tövsiyə edirdi. Halbuki qeyd olunan illərdə ölkədə inflyasiya müvafiq olaraq, 16,7 və 20,8 % səviyyəsində təşkil etmişdi. Odur ki, BVF-nin mövqeyi “başadüşüləndir”.

O baxımdan ki, Azərbaycanın neft ölkəsi olduğu yaddan çıxarılmalı deyil. Dünya ölkələri iqtisadi cəhətdən 2 yerə - xammal və istehsalçı ölkələrə bölünürlər ki, bu müstəvidə hər hansı bir xammalın dünya bazarlarında qiymətinin artması bunu ixrac edən ölkələrdən çox, əslində, həmişə məhz alıcılara xeyir gətirir.

Məsələn, konkret olaraq neft alan ölkələrin istehlak malları daha yaxşı realizə olunduğu halda, əks tərəfə məxsus ölkələrdə bu zaman hasiledicidən kənar demək olar, bütün sahələrdə istehsal tənəzzülə uğrayır.
BFV kimi qurumların isə inkişaf etməkdə olan ölkələrə münasibətdə strateji mövqeyi bizcə, daha çox məhz bu vəziyyəti qorumağa xidmət etməkdən ibarətdir. Ona görə də, neft gəlirlərimiz çox olanda bizə yumşaq pul-kredit siyasəti yürütmək, qeyri-neft sektoru iqtisadi artımda dominant rol oynamağa başladıqda isə əks tövsiyə irəli sürülür.

Yeri gəlmişkən, BVF-nin də proqnozuna əsasən, buil ölkəmizdə inflyasiya birrəqəmli səviyyədə qeydə alınacaq. Müqayisə üçün qeyd edək ki, Fitch Ratings adlı Beynəlxalq reytinq agentliyi isə 2013-cü il üçün Azərbaycanda inflyasiya səviyyəsinin AMB-in nəzərdə tutduğu həcmdə - 5-6 % olacağını proqnoz edib.






Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti