Tramp Livana yardım göstəriləcəyini vəd edib

  10 Avqust 2020    Oxunub : 1317
Tramp Livana yardım göstəriləcəyini vəd edib
ABŞ Prezidenti Donald Tramp Livana əhəmiyyətli yardım göstəriləcəyini vəd edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ lideri Fransa Prezidenti Emmanuel Makron tərəfindən çağırılan Livana yardım qrupu liderlərinin iclasında iştirak edib.

"Bir çox ölkə kömək etməyə hazırlaşır" - deyə Tramp əlavə edib.

ABŞ-ın nə qədər yardım ayıracağı ilə bağlı suala Ağ Ev rəhbəri "bu, əhəmiyyətli dərəcədə olacaq”, - deyə cavab verib.

O xatırladıb ki, ABŞ daha əvvəl kömək üçün Livana üç hərbi nəqliyyat təyyarəsi göndərib.

Qeyd edək ki, avqustun 4-də Beyrut dəniz limanının ərazisində güclü partlayış baş verib. Partlayış dalğası paytaxta böyük ziyan vurub.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, hadisəyə 2014-cü ildə gömrükdə müsadirə olunan və anbarda saxlanılan 2750 ton ammonium nitratının partlaması səbəb olub.

Son məlumatlara görə, partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Livan