ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir
  31 İyul 2020    Oxunub:2487
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib.

O, bildirib ki, Birləşmiş Ştatlar İranın nüvə, raket və hərbi proqramlarında istifadə edilə bilən metal və materialların təchizatını məhdudlaşdırıb. Dövlət Departamenti İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqədar istifadə olunan 22 xüsusi materialı müəyyənləşdirir.

"Bu cür materialları İrana bilə-bilə verənlər ABŞ-ın "İranın azadlığı və yayılmasına qarşı mübarizə haqqında" qanununun 1245-ci maddəsi ilə sanksiyaya məruz qalacaqlar".

Bundan əlavə, İranın tikinti sənayesi üçün material tədarükü qadağan olunub. Hesab edilir ki, İslam İnqilabı Keşikçilər Korpusu ölkənin tikinti sektoruna nəzarət edir.

"KSİR tikinti şirkəti və onun bir çox müəssisələri Fordoda uran zənginləşdirmə qurğusunun tikintisində bilavasitə iştirak etdikləri üçün BMT sanksiyaları altındadır. KSİR-in bu statusunun nəticəsi olaraq müəyyən materialların, o cümlədən qrafit, xammal və ya yarımfabrikat metalların İrana ötürülməsi, yaxud ondan İranın inşaat sektorunda istifadə olunması sanksiya altında qalır".

Qadağan edilmiş 22 metal və materiallar siyahısına alüminium ərintiləri, alüminium toz və bəzi polad çeşidləri daxil edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Sanksiya   İran  





Xəbər lenti