Mərakeş Kralı iqtisadiyyatın bərpasına 13 milyard dollar ayırdı

Mərakeş Kralı iqtisadiyyatın bərpasına 13 milyard dollar ayırdı
  30 İyul 2020    Oxunub:2535
Mərakeş xalqı ölkənin milli bayramı olan Taxt-tac gününü və Kral əlahəzrət VI Məhəmmədin taxta çıxmasının 21-ci ildönümünü qeyd edir.
Azvision.az xəbər verir ki, 1999-cu ildə taxta çıxan Kral VI Məhəmməd bir sıra nəhəng layihələrə başlayır. Ölkənin siyasi həyatı onun hakimiyyəti altında müasirlik və demokratiya istiqamətində inkişaf etməyə başlayıb.

Kral VI Məhəmməd hakimiyyətə gəldiyi ilk vaxtlardan yoxsulluqla mübarizəni həll olunmalı əsas problem səviyyəsində qiymətləndirir. Onun hakimiyyətinin əsas amalı harada olmağından asılı olmayaraq bütün mərakeşlilərin ədalətli və sərbəst həyat şəraitinə sahib olmasıdır.

Ölkə Kral VI Məhəmmədin hakimiyyətdə olduğu illər ərzində demək olar ki, bütün sahələr üzrə inkişaf edib. VI Məhəmmədin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində krallıqda siyasi, iqtisadi, sosial, ekoloji, dini, ədliyyə və insan hüquqları sahələrində böyük irəliləyişlər əldə edilib.

Krallıq 2011-ci ildə yeni Konstitusiya qəbul edir və bu özlüyündə sosial və siyasi sahədə əldə edilən digər böyük bir nailiyyət xarakteri daşıyır. Sözügedən konstitusiya demokratiya, vətəndaşlıq və insan hüquqlarına verilən dəyərləri aliləşdirməklə, regional və sosial bərabərsizlik səviyyəsini azaltmağa imkan yaradıb.

Bu illər ərzində Mərakeş yol infrastrukturu, şosse, dəmir yolu, liman və hava limanına əhəmiyyətli dərəcədə sərmayə yatırıb və nəticədə Afrikanın nəqliyyat və logistika mərkəzinə çevrilib.

Bununla yanaşı, ətraf mühit və ekologiya sahələrində də vacib nailiyyətlər əldə olunub. Mərakeş NOOR günəş elektrik stansiyası və Afrikanın nəhəng külək elektrik stansiyası da daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə böyük layihələr həyata keçirib. Həmçinin, Krallıq 2030-cu ilə qədər öz elektrik enerjisinin 52%-ni ekoloji təmiz mənbələr vasitəsilə istehsal etməyi planlaşdırır.

Kral VI Məhəmməd Taxt-Tac günü münasibətilə ənənəvi çıxışı zamanı qeyd edib ki, Mərakeşin inkişafına yönəlmiş layihələr sosial ədalət prinsipi üzərində qurulmalıdır. Bundan əlavə, Kral öz çıxışı zamanı bir çox digər sahələrə də toxunub. O, yaxın beş ildə bütün mərakeşliləri əhatə edəcək müxtəlif sosial təhlükəsizlik proqramlarının ümumiləşdirilməsinə çağırıb. Onun sözlərinə görə, dövlət ilk növbədə, tibbi sığorta və ailə müavinətlərinin ümumiləşdirilməsi üzərində işləməlidir. Ailə müavinətləri ailə üzvlərinin sayından asılı olaraq ailə rəhbərinə təqdim edilən müavinətlərdir. Yeni islahatlara 2021-ci ilin yanvar ayından start veriləcək.

Bundan əlavə, Kral COVID-19 pandemiyası səbəbindən ciddi şəkildə zərər görmüş ölkə iqtisadiyyatını bərpa etmək üçün 13 milyard dollar həcmində büdcə planının ayrıldığı barədə məlumat verib. O bildirib ki, görülən tədbirlərə baxmayaraq, koronavirus ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Kral çıxışının sonunda mərakeşlilərə pandemiya dövründə vətənpərvərlik və həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür edib.

Günel İbrahimova
Azvision.az


Teqlər: Mərakeş   Kral  





Xəbər lenti