Qarmonun ölkədən çıxarılması qadağan edildi

Qarmonun ölkədən çıxarılması qadağan edildi
  21 Yanvar 2014    Oxunub:1510
“Müəyyən musiqi alətləri var ki, onların ölkədən çıxarılması üçün lisenziya, icazə alınmalıdır”.

AzVision.az-a açıqlamasında bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov millət vəkili Fazil Mustafanın qarmon alətinin ölkədən çıxarılmasına qoyulan qadağa ilə bağlı dediklərinə münasibət bildirərkən deyib:

“Mən dəqiq deyə bilmərəm ki, bu qarmona da aiddir. Amma müəyyən musiqi alətləri var ki, onların ölkədən çıxarılması üçün lisenziya, icazə alınmalıdır. Ümumiyyətlə, rəsm əsərləri, müəyyən mədəniyyət tarixinə aid olan musiqi alətlərinin ölkədən çıxarılmasına icazə yoxdur. Bunun üçün muzeylərdə komissiyalar var ki, həftə ərzində bunlar yığılır və araşdırıldıqdan sonra onlara lisenziya verilir. Hətta biz özümüz də xaricə sərgiyə gedəndə bunun üçün lisenziya alırıq. Amma yenə də təkrar edirəm ki, mədəniyyət tariximizlə bağlı olan musiqi alətlərinin ölkədən çıxarılması üçün icazə alınmalıdır”-,deyə nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa facebook səhifəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarmonun ölkədən çıxarılmasına qadağa qoyulub: “Son vaxtlar gündəmdə Milli Məclisdə internet azadlığı və smartfon telefonlarla bağlı problem müzakirə olunurdu. İndi isə daha vacib məsələ ortaya çıxıb. Mədəniyyət və Turizm Nazirliyi xaricə qarmon aparmağı yasaqlayıb. Almaniyadan dostlardan biri yazıb kı, hava limanında əllərindən tutub alıblar. Səbəbini öyrənməyi xahiş edir. Açığı Azərbaycanda baş verənlərin səbəbini soruşanların sadəlövhlüyünü qeyd edərək, özüm də maraqlı qaldım. Bu qarmonun hansı strateji alət olaraq əhəmiyyəti var ki, nazirlik qadağan edib? O boyda sənət əsərləri xaricə illərdir daşınıb, onlardan səs-qoraq yox, bu qarmonda nə isə bir hikmət var. Bir azdan İphone və İpad-a azadlıqla bərabər, deyəsən qarmona da xarici pasport verilməsini tələb edəcəyik”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti