ABŞ-ın sabiq səfiri: “Ermənilərin azərbaycanlılara hücumu utancvericidir” - EKSKLÜZİV

 ABŞ-ın sabiq səfiri:  “Ermənilərin azərbaycanlılara hücumu utancvericidir” -  EKSKLÜZİV
  28 İyul 2020    Oxunub:14678
Azərbaycanın ABŞ-dakı diplomatik korpusuna və aksiya keçirən azərbaycanlılara ermənilərin hücum etməsi qəbuledilməzdir və utancvericidir.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu cür hərəkətlər yolverilməzdir: “Həmin hərəkətlər nifrətin yüksək səviyyədə olduğunu göstərir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləyir”.

Sabiq diplomat bildirib ki, ABŞ hakimiyyəti, xüsusilə 20 ildən çox işlədiyi Dövlət Departamenti ölkədəki diplomatik missiyaları mühafizə etməkdə cavabdehlik daşıyır.

“Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna hücum edənlər ciddi cinayət törədiblər”, - deyən Brayza ermənilərin təxribata niyə əl atmalarına toxunub, həmçinin Baş nazir Nikol Paşinyanın Qarabağ danışıqlarını pozmaq üçün bu cür təxribatlara gedə bilməsi fikirlərinə münasibət bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın çoxdan razılaşdığı Madrid prinsiplərini rədd etməyi qərara alıb.

"Xatırlayıram ki, bir il əvvəl Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın mənə çox yaxşı təsir bağışlayan görüşləri baş tutdu. Görüşdən sonra bəyan edildi ki, xalqları sülhə hazırlamaq lazımdır. Bundan bir neçə ay sonra Paşinyan çevrildi və Qarabağın Ermənistanın bir hissəsi olması, Qarabağın müstəqil olması barədə bəyanatlar verdi. Bunların ikisi bir yerdə ola bilməz. İrəvan Madrid prinsiplərinə, Ermənistanın buna qədər olan siyasətinə qarşı getdi. Nə dəyişdi, mən bilmədim. Lakin bu, o faktı əks etdirir ki, Paşinyan ATƏT-in Minsk Qrupu istiqamətində davam etməməklə bağlı qərar qəbul edib.

İkincisi, hesab edirəm ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istəyir. Onun niyyəti bundan ibarətdir ki, ittifaqda olan bir neçə keçmiş sovet ölkəsi öz hərbi gücü ilə Azərbaycanla danışıqlarda Ermənistanı dəstəkləsin. Burada söhbət ondan gedir ki, hərbi güc olanda, danışıqlarda özünü güclü hesab edirsən”.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin Los-Ancelesdəki təxribatın ermənilər tərəfindən törədilməsinə dair təkzibedilməz faktların olmasını etiraf etməsindən sonra Vaşinqtonun hansı addımları ata bilməsinə gəlincə, Brayza deyib ki, səfir Litzenberqerin nə dediyi barədə məlumatı yoxdur.

“Amma CNN İnternational, BBC, Al Jazeera kanallarında gördüklərimə əsasən deyə bilərəm ki, ermənilər azərbaycanlılara və Azərbaycanın Los-Ancelesdəki diplomatik missiyasına qarşı çox şeylər etdilər. ABŞ hökumətinin mövqeyinə gəlincə, artıq dediyim kimi bizim hökumət əlbəttə ki, Azərbaycanın diplomatik korpusları da daxil olmaqla, bütün diplomatik korpusların mühafizəsinə cavabdehlik daşıyır. Cinayət törədən şəxslər məhkəmədə cavab verməlidirlər.

Öz təcrübəmdən deyə bilərəm, bəzi Amerika mənşəli ABŞ vətəndaşları var ki, Azərbaycana və Türkiyəyə aqressiv yanaşırlar. Mən bunu Senatda səfir kimi namizədliyim irəli sürülərkən gördüm. Onlardan iki nəfərini Amerika Erməni Milli Komitəsi (ANKA) ələ almışdı və mənim namizədliyimi blok etdilər".

Bundan əlavə, sabiq səfir ASALA kimi erməni terror təşkilatlarının bu gün dünyaya hansı təhlükə yarada bilməsindən söz açıb. Yada salaq ki, ermənilərin törətdiyi təxribatlarda ASALA yazısı olan köynək geyinmiş şəxslər də var idi.

"Daha əvvəllər nə baş verdiyini bilirəm, bu, çoxdan olub, eyni zamanda, çox ciddi hadisələr idi. ABŞ-a gəlincə, deyə bilərəm ki, bizim federal və yerli hakimiyyət əvvələ nisbətən, yəni 2001-ci il 11 sentyabr terrorunu nəzərdə tuturam, indi terrorun bütün formaları ilə daha kəskin mübarizə aparmağa hazırdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfir  





Xəbər lenti