"Yerusəlim Post": Azərbaycan koronavirusla mübarizədə uğur nümunəsidir

  "Yerusəlim Post":   Azərbaycan koronavirusla mübarizədə uğur nümunəsidir
  23 İyul 2020    Oxunub:4290
Koronavirus pandemiyası əsas diqqəti bir həqiqətə cəmlədi: böhranla mübarizə zamanı iqtisadi potensialın ölçüsü heç də hər zaman əhəmiyyət kəsb etmir, əsas olan sürətli və vaxtında hərəkət etməkdir. Bu mənada, nisbətən kiçik bir ölkə olmasına baxmayaraq, Azərbaycanın COVID-19 ilə mübarizəsi bu günə qədər uğurlu və təsirli olub.
Azvision.az xəbər verir ki, bu barədə "Yerusəlim Post" qəzetində siyasi şərhçi Arye Qutun "Azərbaycan koronavirusla mübarizədə uğur nümunəsidir" başlıqlı məqaləsində bildirilib.

Məqalədə qeyd edilib ki, bu gün İsrailin Avrasiyadakı etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycan güclü, müstəqil bir dövlətdir və Cənubi Qafqaz bölgəsində geosiyasi, geoiqtisadi proseslərin lideridir. Bölgədə və kənarda sülh, sabitlik və rifaha töhfə verən müxtəlif əməkdaşlıq layihələrinin iştirakçısıdır.

Başqa sözlə, Azərbaycan bu gün təhlükəsizlik və sabitliyin ixracatçısıdır. Bundan əlavə, ölkə beynəlxalq ictimaiyyətin müasir təhlükələrin qarşısının alınması səylərini birbaşa dəstəkləyir.

Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Jerusalem Post"a açıqlamasında deyib: "Pandemiya təkcə insanların həyatını təhlükə altına alan ciddi sağlamlıq problemləri yaratmadı, həm də dağıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratdı. Mənfi nəticələri uzun müddət hiss ediləcəkdir.

İkinci Dünya Müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyasının vəziyyətində, özünü təcridetmə və parçalanmadan daha çox qlobal həmrəyliyə və qlobal baxışa ehtiyac var".

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də COVID-19 pandemiyası ilə bağlı Qoşulmama Hərəkatı Əlaqə Qrupunun onlayn sammiti keçirildi.

Tədbirdə Qoşulmama Hərəkatının üzvləri, eyni zamanda BMT-nin baş katibi, Baş Assambleyanın prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika Birliyi və Avropa Birliyi daxil olmaqla, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də iştirak etdilər.

Qoşulmama Hərəkatı 120 ölkəni bir araya gətirir və dünyada BMT-dən sonra ikinci ən böyük siyasi qurumdur.

Qlobal həmrəyliyin nümunəsi olaraq Prezident Əliyev pandemiya ilə mübarizə üçün BMT Baş Assambleyasının videokonfransının keçirilməsini təklif etdi. Təklif Qoşulmama hərəkatının 120 ölkəsi tərəfindən yekdilliklə qəbul edildi. Bundan sonra İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT-nin baş katibi Antonio Quttereşə müraciət göndərdi.

130-dan çox ölkə bu təşəbbüsü dəstəklədiyini bəyan etdi. Bu dəstək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın daha bir sübutudur.

Məqalədə vurğulanıb ki, Azərbaycan koronavirus testlərinin sayına görə bölgədə birinci yerdədir və bir sıra Avropa ölkələrini də qabaqlayır. İndi Azərbaycanda karantin rejimi davam edir. İnsanlar parklarda toplaşmır, manqal təşkil etmirlər, ibadət yerlərinə getməyə çalışmırlar. Ən əsası, bütün bunlar sivil qaydada baş verir, ölkədə çaxnaşma yoxdur. Dövlət qurumlarına inam və vətəndaşlara humanist davranış var.

İlk gündən Azərbaycan virusu olduqca ciddi qəbul etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun yayılmasının məhdudlaşdırılması üçün hərtərəfli tədbirlər həyata keçirildi.

Dünyada adambaşına görə ən çox sınaq testləri həyata keçirən Azərbaycan iqtisadiyyatın yenidən açılması üçün vacib şərt sayılan əlaqə izləmə tətbiqetməsini də istifadəyə verdi.

COVID-19 xəstələrinə xidmət göstərən 20-dən çox dövlət xəstəxanası ilə yanaşı, modul tipli xəstəxanalar açılıb. Planda hökumətin hesabına daha iki modul xəstəxana, habelə yaxın aylarda özəl maliyyələşdirmə ilə dörd xəstəxana tikib istifadəyə verməkdir.

Bir çox ölkədə xəstələr evdə müalicə olunursa, Azərbaycanda müsbət test nəticələri olan bütün xəstələr dərhal xəstəxanalara yerləşdirilir. Bu, digər tədbirlər ilə birlikdə ölkəyə ölüm və infeksiyaların sayını nisbətən aşağı səviyyədə saxlamağa kömək edir.

Ölkənin ən azı üç qonşusu adambaşına düşən COVID-19 hadisələrinin daha yüksək olduğunu bildirdi. Görünən odur ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq və pandemiyanın iqtisadiyyatına və insanlara təsirini azaltmaq üçün çox yaxşı iş görür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:  





Xəbər lenti