Media nümayəndələri üçün videokonfrans keçirilib

Media nümayəndələri üçün videokonfrans keçirilib
  22 İyul 2020    Oxunub:8368
Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) media nümayəndələri üçün “virtual kafe” formatında videokonfrans keçirib.
Azvision.az xəbər verir ki, konfransda AMADA və kütləvi informasiya vasitələrini (KİV) birləşdirən prinsiplər və Antidopinq nəzarətinin həyata keçirilməsində KİV-in rolu mövzularında müzakirələr aparılıb.



Videokonfransda AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri böyük tarixi hadisədir. Həmin hadisədən ötən 145 il ərzində Azərbaycan mətbuatı böyük tarixi yol keçib. “Əkinçi”dən başlayan mətbuat ənənələrimiz bu gün uğurla davam və inkişaf edir. Mətbuatın cəmiyyətdəki rolundan da bəhs edən Ş.Hüseynli deyib ki, AMADA daim kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq ədalətli və təmiz idmanın təbliği baxımından vacibdir.
Ş. Hüseynli bildirib ki, antidopinq nəzarətinin həyata keçirilməsində maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir və bu məsələdə mətbuatın geniş imkanları var. Qadağan edilmiş maddə və üsullarla bağlı istər peşəkar, istərsə də həvəskar idmançılar daim maarifləndirilməlidir. Bu, ilk növbədə onların sağlamlığı üçün vacibdir.

Tədbirdə həmçinin vurğulanıb ki, AMADA antidopinq sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün media nümayəndələri ilə birgə layihələr reallaşdırmaq niyyətindədir.
Daha sonra mətbuat nümayəndələri də fikirlərini bölüşərək antidopinq nəzarətinin həyata keçirilməsində maarifləndirmənin aparılması baxımından öz dəstəklərini ifadə ediblər. Sonda isə AMADA-nın direktoru Ş. Hüseynli jurnalistlərin suallarını cavablandırıb.

Azvision.az


Teqlər: AMADA  





Xəbər lenti