Peşə məktəblərinə 14 mindən çox şəxs qəbul olub

Peşə məktəblərinə 14 mindən çox şəxs qəbul olub
  13 İyun 2020    Oxunub:3683
2019-2020-ci tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzə 2019-2020-ci tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.

2019-2020-ci tədris ilində peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub. Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

Pandemiya dövründə peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün “Mədəniyyət” telekanalında həftədə iki dəfə olmaqla teledərslər yayımlanıb. Bu təşəbbüslərlə yanaşı, Peşə Təhsili üzrə Dövlət Agentliyi öyrənmə nəticələrinin qiymətləndirilməsi vasitələrinin hazırlanmasına və seçilmiş peşələr üzrə tam onlayn mənbələrin (video dərslər və mətnlər daxil olmaqla) tərcüməsinə də başlayıb.

Peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.

Azərbaycan peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib.

Azvision.az



Teqlər: Peşə-Məktəb  





Xəbər lenti