“Ali məktəblərdə tədris uzadılmayacaq” - Nazir açıqladı

  “Ali məktəblərdə tədris uzadılmayacaq” -    Nazir açıqladı
  07 May 2020    Oxunub:5439
Ali təhsil müəssisələrində tədris semestrinin uzadılması nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ali məktəblərdə 176 minə yaxın tələbə təhsil alır, onların 75 faizi onlayn dərslərə qoşulub. "40 minə yaxın tələbə son tədris ilində iştirak edib və onlar tədris təcrübəsində olmalı idilər. Onların onlayn dərslərə qoşulması vacib deyildi".

C.Bayramov bildirib ki, son tədris ilində olan oğlan tələbələrin hərbi xidmətə çağırışı nəzərə alınaraq onların imtahan qiymətləndirməsinin iyun ayında başa çatdırılması nəzərdə tutulur.

"Yay imtahan sessiyasının iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Yay sessiyasının təşkili ilə bağlı qaydalar ali təhsil müəssisələrinin Elmi Şurasının qərarı əsasında tənzimlənəcək. Bir sıra imtahanların onlayn olması mümkündür. Bu, olmasa ənənəvi qaydada imtahanlar təşkil oluna bilər".

Təhsil naziri qeyd edib ki, iyun- iyul ayında imtahanda iştiraka hazır olmayan tələbələr üçün tədris ili öncəsi, yəni avqustun sonu sentyabrın ilk 15 günü ərzində imtahan sessiyası keçiriləcək.

"Son tədris ilinin tələbələrinin yekun attestasiyasının onların 4 illik qiymətləndirilməsinə əsasən həyata keçirilməsi məqbul hesab olunur. O tələbələr barədə ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat mövcuddur. Buraxılış işi yazanlar isə onlayn şəkildə işlərini təqdim edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Universitet   İmtahan   Dərs  





Xəbər lenti