“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb
  22 Aprel 2020    Oxunub:3294
Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklər və əlavə video dərslər “Virtual məktəb” portalına inteqrasiya edilib. Beləliklə, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri “Teams” bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Əlavə video dərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə “Teams > General” bölməsində müvafiq olaraq “Video resurslar” və ya “Testlər” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, hazırda digər tədris məzmunlu resursların da portala inteqrasiyası üzərində işlər aparılır. Şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana biləcəklər. Eyni zamanda portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə biləcəklər.

Nəzərinizə çatdıraq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti