Azərbaycan çempionatında qalib elan olundu

Azərbaycan çempionatında qalib elan olundu
  03 Aprel 2020    Oxunub:2436
Superliqanın fevral ayının 29-da keçirildiyi 20-ci turundan sonra Respublikada yaranmış gərgin epidemiyaloji vəziyyətə görə 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, fasiləyə qədər "Zirvə Astara" BK 38 xal, "Atom" BK 34 xal, "Gəncə" BK isə 32 xal ilə Superliqanın 1-ci, 2-ci, 3-cü yerlərini bölüşdürürdülər. Bununla yanaşı dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verdi.

Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa,Ukraina,Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edildi.

Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual video-iclasa toplanıb. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən "Zirvə Astara" klubu Azərbaycan Çempionu elan edilib.

Azvision.az


Teqlər: Basketbol   Çempion  





Xəbər lenti