Yeni səfirin ilk müsahibəsi: “Etiraf edim ki, Bakıya aşiq oldum” - EKSKLÜZİV

Yeni səfirin ilk müsahibəsi:  “Etiraf edim ki, Bakıya aşiq oldum” -  EKSKLÜZİV
  06 Mart 2020    Oxunub:22211
“İordaniyada Azərbaycana çox böyük maraq var”

İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin edilmiş səfiri Sami Asem Ğoşeh yerli KİV-ə ilk müsahibəsini Azvision.az-a verib. Diplomat müsahibə zamanı Azərbaycana gəlişindən danışıb, Bakı ilə bağlı təəssüratlarından söz açıb, eləcə də iki ölkə arasında iqtisadi-siyasi əlaqələri, gələcək planları dəyərləndirib.
Qeyd edək ki, Sami Asem Ğoşeh 1999-cu ildən İordaniyanın Xarici İşlər Nazirliyində işə başlayıb. Ölkəsinin Qahirə, Dəməşq, Manama və Berlindəki diplomatik missiyalalarında çalışıb. Səfir kimi ilk təyinatını Azərbaycana alıb. Bakıya gəlməzdən əvvəl İordaniya XİN-də Protokol idarəsinin rəhbəri vəzifəsində işləyib.

- Cənab səfir, siz artıq bir neçə aydır ki, Azərbaycandasınız. Ölkəmiz haqqında ilkin təəssüratlarınız necədir?

- Azərbaycan haqqında təəssüratım çox gözəldir, demək olar ki, əladır. Azərbaycan çox inkişaf etmiş, gözəl ölkədir. İstər ölkənin siyasi rəhbərliyi, istər insanlarınız haqqında çox müsbət fikirlərim var.



- Bakı ilə ətraflı tanışlıq imkanınız olub və paytaxtımızın hansı hissəsi sizin daha çox diqqətinizi çəkib?

- Bakının hər yeri gözəldir. Ona görə də xüsusi olaraq hansısa hissəni vurğulamaq istəmirəm. Etiraf edim ki, mən Bakıya aşiq oldum. Sanki Bakı bir sənət əsəridir.

- Bəs Bakını indiyə kimi olduğunuz şəhərlərdən hansına daha çox bənzədirsiniz?



- Bakı Bakıdır, bir sənət nümunəsidir. Özünəməxsus xüsusiyyətləri var. Ən mühüm cəhət isə insanlarının çox mehriban olmasıdır.

- İordaniya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz?

- Azərbaycanla İordaniya Krallığı arasında əlaqələr uzun müddət əvvəl, mərhum Kral Hüseynlə mərhum Prezident Heydər Əliyevin hakimiyyətdə olduqları dövrdə yaranıb və inkişaf etdirilməyə başlayıb. Hazırda İordaniya Kralı Əlahəzrət II Abdulla və Zati-aliləri Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında dostluq münasibətləri inkişaf etməkdədir. Hər iki ölkənin müdrik rəhbərliyinin əməyi sayəsində münasibətlər getdikcə möhkəmlənir.



- Sizcə, münasibətlərin inkişafı üçün potensial sahələr hansılardır?

-Təbii ki, biz iqtisadi və turizm sahəsində əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bunun üçün ilk növbədə Azərbaycanın “Buta” aviaşirkətinin bu ilin may ayının sonlarından etibarən Bakıdan Əmmana birbaşa reys açmasını vurğulamaq istərdim. Əlahəzrət Kral Azərbaycana ötən ilin dekabrında səfər etdiyi zaman Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə belə bir qərar qəbul edilmişdir. Biletlərin qiymətləri ucuz və sərfəli olacaq. Bu da öz növbəsində İordaniya və Azərbaycan arasında hərəkətliliyi, gediş-gəlişi artıracaq. Eyni zamanda hər iki ölkədə həm turizmin, həm də iqtisadiyyatın inkişafına xidmət edəcək.



- İordaniya səyahəti sevən hər kəsin görməyi arzu etdiyi bir ölkədir. Azərbaycanlılar müəyyən sayda İordaniyaya səyahət etsələr də, sizin ölkənizdən Azərbaycana turist səfərləri azdır. İordaniyalıların bir turizim istiqaməti kimi Azərbaycana maraqları necədir?

- İordaniyada Azərbaycana çox böyük maraq var. Hətta mən bura gəlməzdən əvvəl tanıdığım insanlar, hansılar ki, Azərbaycanda olublar, onlar bildirdilər ki, Azərbaycan çox gözəl ölkədir, hətta turist kimi səyahət üçün Azərbaycanı seçməyi təklif edirdilər.

Təbii ki, birbaşa reysin açılması ona gətirib çıxaracaq ki, İordaniyadan böyük turist qrupları bura gələcək və Azərbaycanın gözəlliyi ilə tanış olacaqlar, eyni zamanda Azərbaycandan İordaniyaya da turist axını oalcaq.

- Reys həftədə neçə dəfə həyata keçiriləcək?

-Həftədə iki dəfə.



- Turizmdən başqa iqtisadiyyatın hansı sahələri əməkdaşlığın inkişafı üçün əlverişlidir?

- Azərbaycanla İordaniya arasında iqtisadi əlaqələr çox zəifdir. Biz istəyirik ki, bu əlaqələri daha da inkişaf etdirib, irəliyə aparaq. Ona görə də öz tərəfimizdən çalışırıq ki, Azərbaycanın və İordaniyanın aidiyyati təşkilatları arasında danışıqlar aparılsın və bu istiqamətdə işlərimizi daha da inkişaf etdirək ki, iqtisadi əlaqləri gücləndirə bilək.

- İki ölkə arasında hökumətlərarası komissiyanın fəaliyyəti nə yerdədir?

- Komissiyanın son iclası 2018-ci ildə Əmmanda keçirilib. Bu il Bakıda keçirilməsi gözlənilir.

- Siz İordaniyaya gedən azərbaycanlılara, yaxud Azərbaycana gələn vətəndaşlarınıza hansı məkanları mütləq görmələrini məsləhət bilirsiniz?

- Mən onlara Bakıdan başqa, Qəbələdə, Şamaxıda, İsmayıllı, Şəki, Oğuz və s. yerlərdə olmağı məsləhət görərdim. Azərbaycan vətəndaşlarına isə məsləhət görərdim ki, dünyanın yeddi möcüzəsindən biri olan Petraya səyahət etsinlər. Həmçinin, Ölü Dəniz regionu, tarixi Cəraş şəhəri, Əmmanın özündə çox tarixi yerlər var. Peyğəmbərin səhabələrinin orada məqamları var. İsa peyğəmbərin xaç suyuna çəkilməsi yeri, səhrada ucaldılmış qədim qəsrləri və s. qeyd etmək istəyərdim. Bundan başqa, port şəhəri olan Aqaba. Bunları bir nümunə kimi göstərdim. Qeyd etdiyim yerlərə baş çəkmək çox yaxşı olardı.



- Cənab səfir, İordaniya münaqişə zonasında yerləşir və Türkiyədən sonra ən çox qaçqın qəbul edən ölkədir. Son vaxtlar qaçqınlar öz ölkələrinə qayıtmaqdadırlar. Hazırda bu istiqamətdə vəziyyət necədir?

- İordaniya qeyd etdiyiniz kimi dünyada qaçqınları ən çox qəbul edən ölkələrdən biridir. 1 milyon 200 mindən artıq suriyalı qaçqın var. İordaniyanın iqtisadi vəziyyətinin çox ağır olmasına baxmayaraq, İordaniya dövlətinin rəhbərliyi və xalqı hər zaman öz qapılarını kömək istəyən insanların üzünə açmağa hazırdır.

Pərvanə Sultanova
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: İordaniya   Səfir  





Xəbər lenti