“İşğal nüvə terrorizminə əlverişli şərait yaradır” - XİN rəhbəri

“İşğal nüvə terrorizminə əlverişli şərait yaradır” -  XİN rəhbəri
  10 Fevral 2020    Oxunub:2412
Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə, bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə, ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq konfransda deyib.

XİN rəhbəri vurğulayıb ki, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazası ilə hərtərəfli milli ixrac nəzarəti sistemini işləyib hazırlamışıq: “Ancaq ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır.

Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin əməkdaşlığına və dəstəyinə arxalanır. Dünyanın nüvə təhlükəsizliyinin təşviqində bu konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycan “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq konfransın Nazirlər bəyannaməsini dəstəkləyir”.

Nazir vurğulayıb ki, beynəlxalq əməkdaşlıq həmişə nüvə təhlükəsizliyi sahəsində səylərimizin mərkəzində olub: “İnanırıq ki, bu sahədə əldə olunan irəliləyiş sülhü və təhlükəsizliyi möhkəmləndirir və etimadı artırır. Bu sahədə fəaliyyətlərimiz həmişə məqsədyönlü olub və qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda aparılıb.

Biz nüvə təhlükəsizliyi qaydaları və standartlarının hazırlanmasında AEBA-nın əsas rolunu tanıyırıq və qiymətləndiririk. Azərbaycan Agentlik ilə nüvə təhlükəsizliyinin müxtəlif aspektləri üzrə uğurlu əməkdaşlığı inkişaf etdirib. Biz mövcud səmərəli əməkdaşlığı dərinləşdirməyə hazırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti