172 sərnişinin olduğu təyyarə son anda faciədən xilas oldu

172 sərnişinin olduğu təyyarə son anda faciədən xilas oldu
  07 Fevral 2020    Oxunub:3388
Göyərtəsində 172 sərnişinin olduğu “Airbus-320” təyyarəsi raket hücumu ilə üzləşdiyi üçün Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına təcili eniş edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, gecə saatlarında İsrail ordusuna məxsus dörd “F-16” qırıcısı Suriya paytaxtının ətrafına 8 hava-yer tipli raket buraxıb. Zərbələri dəf etmək üçün hava hücumundan müdafiə sistemi işə düşüb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Tehran-Dəməşq reysini həyata keçirən təyyarə həmin təhlükəli ərazidə olub və Dəməşq hava limanına eniş etmək istəyib. Hava limanının nəzarətçiləri dərhal sərnişin təyyarəsini təhlükəli ərazidən uzaqlaşdıraraq Rusiyanın Hmeymim hərbi bazasına endiriblər.

Generalın sözlərinə görə, yalnız Dəməşq hava limanında dispetçerlərin operativ hərəkətləri və avtomatlaşdırılmış hava hərəkətinə nəzarət sisteminin səmərəli işləməsi sayəsində Airbus-320-ni təhlükəli ərazidən çıxarmaq mümkün olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Təyyarə  





Xəbər lenti