“Məhsullarımızın Azərbaycan bazarına çıxması üçün əlimizdən gələni edirik” - Səfir

  24 Yanvar 2020    Oxunub : 2280
 “Məhsullarımızın Azərbaycan bazarına çıxması üçün əlimizdən gələni edirik” - Səfir
Azərbaycanla Kolumbiya arasında müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədədir. Biz çalışırıq ki, daha çox iqtisadiyyat sahəsində əlaqələrimizi möhkəmləndirək.
Bunu Azvision.az -a açıqlamasında Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın deyib. Onun sözlərinə görə, Kolumbiya iqtisadiyyatından danışarkən ilk növbədə kofeni vurğulamaq lazımdır:

“Kolumbiya kofesini məşhur edən onun ətri, gözəl dadıdır. İstəyirik ki, burada da bizim ölkəmizin istehsalı olan kofelər daha çox yayılsın, təbliğ edilsin".

Diplomat əlavə edib ki, Kolumbiya həm də öz gülləri və subtropik meyvələri ilə məşhurdur: “Çalışırıq ki, bu məhsullar Azərbaycan bazarlarına daha çox çıxarılsın. Həmçinin, tibb sahəsində olan məhsullarımızın da Azərbaycanda ixracı mümkündür. Məhsullarımızın Azərbaycan bazarına çıxması üçün əlimizdən gələni edirik”.

Səfir Kardenas hesab edir ki, iqtisadi sahədə iki ölkənin potensialından tam istifadə olunmayıb: “Buna görə də ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi elə də nəzərə çarpan deyil. Amma biz səfirlik olaraq çalışırıq ki, bu göstəriciləri daha da artıraq. Məsələn, ötən il ən böyük uğurlarımızdan biri də ticarət dövriyyəsində 80 faiz artıma nail olunmasıdır. Bu, gül ixracından əldə olunub və bizim üçün böyük nailiyyətdir. Digər məhsullarda da inkişafın özünü göstərməsi istiqamətində fəaliyyətimiz davam edir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Kolumbiya   Səfir