Ermənistanın qeyri-konstruktiv yanaşması - QDİƏT-də sənədlər qəbul olunmadı

  13 Dekabr 2019    Oxunub : 1221
 Ermənistanın qeyri-konstruktiv yanaşması - QDİƏT-də sənədlər qəbul olunmadı
Bu ilin 13 dekabr tarixində Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 41-ci iclasında Azərbaycan Respublikasından Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Bu barədə Azvision.az -a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda təşkilat çərçivəsində sahəvi əməkdaşlıq məsələləri, işçi qrupların fəaliyyəti, səmərəliliyin artırılması üsulları, təşkilati məsələlər, QDİƏT-in digər ölkə və təşkilatlarla əməkdaşlığı və digər məsələlər müzakirə edilib.

Uzun müddətdir təşkilat çərçivəsində baxılmaqda olan və iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri də iclasda müzakirə edilib, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və beynəlxalq hüququn normalarını inkar etməsi səbəbindən bu dəfə də qəbul edilə bilməyib, beləliklə üzv ölkələrin narazılığına səbəb olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışında ölkəmizin təşkilatda səmərəli və layihə yönlü fəaliyyətdə maraqlı olduğunu, konkret nəticələrə hədəflənmiş fəaliyyətin vacibliyini qeyd edib. O, Azərbaycanın regionda bağlantılar sahəsində bir sıra layihələr həyata keçirdiyini, bu sahədə böyük imkanların olduğunu və QDİƏT regionunun Azərbaycanın potensialından yararlana biləcəyini də səsləndirib.

Nazir müavini regionda əməkdaşlığın inkişafı üçün həlli uzadılmış münaqişələrin böyük maneə olduğunu, QDİƏT çərçivəsində əməkdaşlığa mənfi təsir göstərdiyini, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü regional layihələrdən təcrid etdiyini diqqətə çatdırıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan 2018-ci ildə təşkilatda sədrliyi həyata keçirib və fəaliyyətini bağlantılar sahəsində layihələr üzərində qurub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   QDİƏT   Ermənistan