Koçaryan Qarabağ separatçılarını Paşinyana qarşı qaldırır

  11 Dekabr 2019    Oxunub : 1746
Koçaryan Qarabağ separatçılarını Paşinyana qarşı qaldırır
Legitimliyi bir şəxsdə cəmləşən hakimiyyət deputat mandatlarının sayından asılı olmayaraq stabil ola bilməz.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Robert Koçaryan "Hraparak" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkəni idarə edə bilmək bacarığının olmaması, işin koordinasiyalı şəkildə aparılmaması hakimiyyətin qeyri-legitimliyini stimullaşdırılır: "Artıq baş nazirin fanatik tərəfdarları yoxdur. Məstedici eyforiyadan sonra cəmiyyətin adekvatlığı bərpa olunur. Lakin özünü İsa Məsih hesab edən baş nazir adekvatlığını itirməyə başlayır".

Sabiq prezident əlavə edib ki, Paşinyanın populyarlığının azalma tempi sürətlənir və bütün bunların erkən seçkilərdə bitəcəyinə əmin olmağa əsas verir.

“Yeri gəlmişkən, seçkilərin gələn il keçiriləcəyi ehtimal olunur. Bu, müxalifətin birləşməsindən və qətiyyətli olmasından asılıdır".

Koçaryan müsahibəsində Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, Paşinyanın Qarabağ münaqişəsinin həllinin bütün tərəfləri qane etməsinin vacibliyi ilə bağlı şüarı boş, mənasız bir söz, primitiv formuladır.

Koçaryan hesab edir ki, bu, Ermənistanın fəaliyyət planının olmadığının birbaşa sübutudur. Eks-prezident Qarabağdakı separatçıları Ermənistan hakimiyyətindən çəkinməməyə də çağırıb. Deyib ki, Qarabağdakı separatçılar təşəbbüsü öz əlinə almalı və nizamlanmanın əsas komponentləri ilə bağlı mövqeyini ortaya qoymalıdır: "Onlar “müstəqillik və konstitusiya bəyannaməsinə” əsaslanmalı, Ermənistan hakimiyyəti ilə fikir ayrılığından qorxmamalıdırlar".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koçaryan