“Normand dördlüyü” liderləri nədən danışıb? - Paris görüşünün detalları

“Normand dördlüyü” liderləri nədən danışıb? -  Paris görüşünün detalları
  10 Dekabr 2019    Oxunub:3056
Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri Parisdə "Normand dördlüyü” formatı çərçivəsində keçirilən görüşün yekunları bağlı kommunike qəbul ediblər.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, kommünike üç bənddən ibarətdir. Bura "Münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər", "Minsk razılaşmalarının siyasi müddəalarının həyata keçirilməsi üçün tədbirlər" və "Gələcək addımlar" daxildir.

"Normand dördlüyü" liderləri Ukraynanın cənub şərqində bu ilin sonuna kimi atəşkəs rejiminin icra olunmasına tam dəstəklərini bəyan ediblər. Həmçinin, sənəddə Donbasda 2020-ci ilin mart ayının sonuna kimi üç yeni məntəqədə qüvvələrin geri çəkilməsi nəzərdə tutulur. Sammit iştirakçıları “Ştaynmayer formulu” əsasında Ukraynanın Konstitusiyasına dəyişikliklərin edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Eyni zamanda, "Normand dördlüyü" rəhbərləri Əlaqə Qrupuna ilin sonunadək Donbassda saxlanılanların "hamının hamıya" prinsipi ilə mübadiləsini təmin etməyə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin bütün tutulan şəxslərlə tam və şərtsiz əlaqəni yaratmasına imkan verməyə çağırış edib.

Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, "Normand" formatında növbəti görüş dörd ay sonra baş tutacaq.

Qeyd edək ki, Parisdə iki saat 20 dəqiqə davam edən görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski iştirak ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paris   Fransa   Normand   Ukrayna  





Xəbər lenti