A.Sadovıy: “Məqsədimiz ictimai nəqliyyatı tamamilə elekrik nəqliyyat vasitələri ilə əvəz etməkdir”

    A.Sadovıy:    “Məqsədimiz ictimai nəqliyyatı tamamilə elekrik nəqliyyat vasitələri ilə əvəz etməkdir”
  02 Dekabr 2019    Oxunub:3712
Ukraynanın Lvov şəhərinin meri Andrey Sadovıy Şərq tərəfdaşlığı ölkələri (Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Ukrayna və Moldova) və Rusiyadan olan bir qrup jurnalist ilə görüş keçirib.
Görüş zamanı, Andrey Sadovıy Lvov şəhərinin bütünlüklə bərpa olunan enerji mənbələrinə keçid etməsi ilə bağlı məlumat verib və gələcək tədbirlər barədə danışıb. Onun sözlərinə görə, şəhər rəhbərliyinin əsas məqsədi ictimai nəqliyyatı tamamilə elektriklə hərəkət edən nəqliyyat vasitəsiləri ilə əvəz etməkdir:

“Gələcək planlarımız çərçivəsində 50 yeni trolleybus və bir o qədər də tramvay əldə edəcəyik. Sözügedən tramvayların bir neçəsi artıq istifadə olunmuş, bir neçəsi isə yeni olacaq. Bundan əlavə, çox ümid edirik ki, ölkədə ilk elektrobusu istehsal edən “Elektron” zavodumuz alman istehsalı olan məhsulları satmaq üçün sertifikat əldə edəcək və biz daha çox sayda yeni elektrobus sifariş edə biləcəyik”.

Lvov şəhərinin meri həmçinin şəhərdə tullantıların yenidən emal olunması zavodunun inşa edilməsi ilə bağlı planlardan da danışıb. O qeyd edib ki, Ukraynada hazırda yeni belə bir zavod mövcud deyil: “Yeni zavodun inşa edilməsi ilə bağlı hazırda böyük bir poliqonda rekultivasiya işləri həyata keçirilir. Qeyd etmək istərdim ki, bu poliqon Avropanın ən böyük poliqonudur. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə təqribən 35 milyon avro və daha çox vəsait tələb edəcək”.

Bununla belə, A.Sadovıy Avropa Yenidənqurma və İnkiaf bankı (EBRD) ilə razılığa gələrək Lvovda 1 milyon ağac əkmək istədiklərini dilə gətirdi. O həmçinin yaxın günlərdə bu məsələ ilə bağlı EBRD nümayəndələri ilə görüş keçirəcəyini də vurğulayıb və şəhərdə bu kimi layihələrin reallaşdırılması üçün siyası iradənin mövcud olduğunu əlavə edib.

Daha sonra, jurnalistlərin suallarını cavablandıran Lvov şəhərinin meri, şəhərdə su şəbəkələrinin modernləşdirilməsindən, şəhərin layihələr üzrə ERBD, Avropa İnvestisiya bankı, Beynəlxalq Maliyyə təşkilatı və s. qurumlardan maliyyələşdirildiyindən və 2020-ci il ərzində şəhərdə velosiped yollarının salınmasından bəhs edib.

Sadovıy Lvov şəhərinin əsas problemlərindən danışarkən, əsas olaraq şəhərdə gündən-günə avtomobillərin sayının artmasını və havanın çirklənməsini qeyd edib. Mer bu istiqamətdə atlan addımlardan danışıb və ictimai nəqliyyatda tezliklə elektron bilet tətbiq olunacağını qeyd edib. Bununla yanaşı, təqaüdçülərin ictimai nəqliyyatdan pulsuz istifadə etdiklərini də xatırladıb. Bu və digər tədbirlər sayəsində, şəhər sakinlərinə ictimai nəqliyyatdan istifadə etmək avtomobil idarə etməkdən daha sərfəli olacaq.

Sonda isə A. Sadovıy Lvov şəhərinin sürətli inkişafından bəhs edib və bildirib ki, keçən il Lvov şəhərini 2 milyon yarım turist ziyarət edib.

Günel İbrahimova

Azvision.az


Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti