Qarabağ münaqişəsinin nizamlanması Putinin diqqət mərkəzindədir - Rusiya XİN

  02 Dekabr 2019    Oxunub : 1742
Qarabağ münaqişəsinin nizamlanması Putinin diqqət mərkəzindədir - Rusiya XİN
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrovun dekabrın 2-3-də Azərbaycana rəsmi səfəri ilə bağlı Rusiya XİN-in şərhində deyilir.

Məlumatda vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tərəflərinə kömək göstərilməsi Rusiyanın xarici siyasət prioritetləri arasındadır və Rusiya Prezidentinin diqqət mərkəzindədir.

“Biz münaqişənin müstəsna olaraq siyasi-diplomatik yolla, tərəflər arasında dialoq vasitəsi ilə həllinin tərəfdarıyıq. Bundan sonra da istər ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibində, istərsə də Azərbaycan və Ermənistanla bizim sıx münasibətlərimizi nəzərə alaraq nizamlanmaya nail olmağa kömək edəcəyik”, -deyə açıqlamada vurğulanıb.

Qeyd edilib ki, Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacağı, habelə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparacağı nəzərdə tutulub.

Görüşlərdə beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək. Həmçinin, Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planı imzalanacaq.

Rusiya XİN bəyan edib ki, inkişaf edən Rusiya-Azərbaycan strateji münasibətləri ali və yüksək səviyyələrdə intensiv siyasi dialoq əsasında təmin edilir. Belə ki, cari ildə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində və Valday Forumu çərçivəsində iki görüş keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-25-də Rusiyada səfərdə olub, Moskvada Prezident Vladimir Putin tərəfindən qəbul edilib, Baş nazir Dmitri Medvedev və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirib.

Sənəddə Moskvada keçirilən Regionlararası Forumun əhəmiyyəti də vurğulanıb.

Azvision.az

Teqlər: Rusiya   XİN   Qarabağ