Gürcüstan DİN etirazçılara xəbərdarlıq etdi

 Gürcüstan DİN etirazçılara xəbərdarlıq etdi
  18 Noyabr 2019    Oxunub:2180
Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin qarşısında aksiya keçirən etirazçıların hərəkətləri qanundan kənara çıxır.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin dəfələrlə çağırışlarına və xəbərdarlıqlarına baxmayaraq, ifadə və sərbəst toplaşmaq azadlığı qanunla müəyyən edilmiş hüdudlardan kənara çıxıb. Xüsusilə, dəqiq olaraq aydınlaşıb ki, Gürcüstanın sərbəst toplaşmaq haqqında qanununa əsasən, qanunverici orqanın girişlərini bloklamaq və fəaliyyətinə mane olmaq qadağandır.

“Polis həm vətəndaşların dinc toplaşmaq hüquqlarını, həm də Gürcüstanın ən yüksək qanunverici orqanının maneəsiz işini təmin etməyə borcludur. Daxili İşlər Nazirliyi siyasi partiyaların rəhbərlərini və Rustaveli prospektindəki mitinq təşkilatçılarını parlament binasına girişlərin bağlanmasını dayandırmağa, Gürcüstan konstitusiyasına əməl etməyə, etirazı qanunla müəyyən edilmiş qaydada davam etdirməyə çağırır", - deyə açıqlamada vurğulanıb.

Nazirlik xəbərdarlıq edib ki, qanuna məhəl qoyulmasa, polis buna uyğun reaksiya verəcək.

Xatırladaq noyabrın 14-dən etibarən Tbilisidə parlamentin proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinə dəyişiklik edə bilmədiyi üçün etiraz mitinqi başlayıb. Noyabrın 17-də parlamentə girişin qarşısında çadırlar qurulub, hakim partiyadan olan deputatlar binaya buraxılmayıb. Etiraz edənlər arasında müxalifət deputatları da var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   DİN   Aksiya  





Xəbər lenti