Seçkiyə gedən müsəlmanlara silahlı hücum edilib

 Seçkiyə gedən müsəlmanlara silahlı hücum edilib
  16 Noyabr 2019    Oxunub:2032
Bu gün səhər saatlarında bir qrup silahlı şəxs Şri-Lankada prezident seçkilərində səs verməyə gedən müsəlman icması üzvlərinin olduğu avtobuslara hücum edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərb hissəsində məntəqələrin açılmasından bir qədər əvvəl baş verib.

Naməlum yaraqlılar yolu kəsərək yüzdən çox avtobus karvanına hücum ediblər. Onlar, həmçinin avtobusları daşa basıb, yolda şinlər yandırıblar, bununla da avtomobillərin hərəkətinə mane olublar.

İlkin məlumata görə, hadisə zamanı ölən və yaralananlar olmayıb. Polis cinayətkarları axtarır. Baş verənlərdən sonra asayişi qorumaq üçün Şri-Lankanın böyük şəhərlərinə əlavə ordu birləşmələri yerləşdirilib.

Qeyd edək ki, bu gün Şri-Lankada prezident seçkiləri keçirilir. Səsvermədə 16 milyona yaxın insan iştirak edir. Prezidentlik postu uğrunda 35 namizəd mübarizə aparır.

Səsvermə ağır təhlükəsizlik şəraitində keçirilir. Belə ki, 2018-ci ilin payızında Prezident Maytripal Sirisenin Baş Nazir Ranil Vikramasinqi hakimiyyətdən uzaqlaşdırmaq və eks-prezident Mahinda Racapaksu bu vəzifəyə təyin etmək cəhdi ölkədə siyasi böhrana səbəb olub. Bu qərardan sonra parlamentin işi dayandırılıb və hökumət istefa verib, ölkəni etiraz dalğası bürüyüb. İki aydan sonra Şri-Lanka Ali Məhkəməsi dövlət başçısının qərarını konstitusiyaya zidd elan edərək onu ləğv edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şri-Lanka   Seçki   Hücum  





Xəbər lenti