Tbilisi ilə Moskva arasında yenidən danışıqlar başlayır

 Tbilisi ilə Moskva arasında yenidən danışıqlar başlayır
  15 Noyabr 2019    Oxunub:1810
Noyabrın 28-də Praqada Gürcüstanın Baş nazirinin Rusiya ilə əlaqələrin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Moskvanın nümayəndəsi Qriqori Karasin arasında keçiriləcək görüşdə tərəflər birbaşa hava əlaqəsinin bərpasını müzakirə etməyi planlaşdırır.
Azvision.az “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Abaşidze bildirib. O deyib ki, iki ölkə arasında dayandırılmış uçuşların bərpası müzakirə olunacaq, bundan sonra problemin necə həll ediləcəyi barədə daha çox məlumat əldə etmək mümkün olacaq.

Abaşidze qeyd edib ki, iyun ayından bəri Karasinlə görüşmədiyi üçün uzun fasilənin yaranması bir çox sualların toplanmasına səbəb olub.

"Görüş bir günlükdür və biz əsasən Praqa formatında nəzərdə tutulan məsələləri müzakirə edəcəyik. Bunlar ticarət, iqtisadi, nəqliyyat və humanitar mövzulardır. Vəziyyətin necə olduğunu, hansı problemlərin yarandığını, dinamikanın nə olduğunu araşdıracağıq", - deyə Abaşidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bu il iyulun 8-dən etibarən dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin Tbilisidə anti-Rusiya hərəkətləri fonunda belə bir qərar qəbul edib. O vaxtdan etibarən Rusiyadan Gürcüstana yalnız üçüncü ölkə vasitəsilə getmək mümkündür. Bu da baha başa gəlir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Gürcüstan  





Xəbər lenti