“Hətta amerikalılar da Azərbaycana silah satmağa hazırdır” - Rusiyalı hərbi ekspert

 “Hətta amerikalılar da Azərbaycana silah satmağa hazırdır” -  Rusiyalı hərbi ekspert
  06 Noyabr 2019    Oxunub:4390
Ermənistan Azərbaycana silah satmamaqla bağlı KTMT-dəki tərəfdaşlarından məqbul cavab ala bilməyəcək. Rusiya Bakıya silah tədarükünü davam etdirəcək. Çünki başa düşür ki, Azərbaycanın təkcə ondan deyil, istənilən ölkədən istənilən silahı almaq imkanı var.
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenhauer Ermənistan rəsmilərinin öz müttəfiqlərinin Azərbaycana silah satmalarına dair etirazları barədə danışarkən deyib.

"Ermənistanın Rusiyanın strateji müttəfiqi olmasına gəlincə, nə olsun ki? Azərbaycan Rusiya üçün də vacibdir. Həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün strateji əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, hətta Ermənistan hansısa bir iddia irəli sürsə belə, heç bir halda Azərbaycanla mübahisə etmək və onu digər ölkələrdən silah almağa sövq etmək olmaz. Azərbaycan KTMT ölkələri üçün həm iqtisadi, həm də strateji cəhətdən olduqca vacib tərəfdaşdır", - hərbi ekspert vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Rusiya, İsrail, Pakistan və Türkiyədən silah alan bölgədəki ən böyük silah idxalçısıdır: "Düşünürəm ki, amerikalılar da məhsullarını Azərbaycana satmağa hazır olardılar. Əlbəttə ki, Amerikadakı erməni lobbisi çox güclüdür. Ancaq siyasi baxımdan ABŞ-dan heç bir etiraz olmayacaq.

Digər tərəfdən, Ermənistan Rusiya krediti ilə silah alır və sonra bunu necəsə ödəyir. Azərbaycan isə ödəməyə hazırdır. Təbii ki, ölkələrə iqtisadi nöqteyi-nəzərdən Azərbaycana silah satmaq faydalıdır və Rusiya da Qafqazda çox vacib geostrateji maraqlara malikdir. Bundan da görünür ki, Ermənistan müttəfiqdir, amma Azərbaycan da heç də az əhəmiyyətli deyil və balans qorunmalıdır.

Beləliklə, KTMT tərəfdaşları əlbəttə ki, Ermənistanı dinləyəcəklər, amma heç bir praktik nəticələr olmayacaq, çünki bu, sadəcə heç kimə - nə Rusiyaya, nə də Belarusa faydalı deyil. Axı, pul qoxu vermir, üstəlik strateji bir marağınız varsa".

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səfərindən sonra Gümrüdəki 102-ci hərbi bazanın gücünün ikiqat artırılacağına gəlincə, ekspert deyib ki, bu, birmənalı olaraq Azərbaycana qarşı deyil, Rusiya buna ehtiyac duymur və Qafqazda tarazlığı qorumaq baxımından məntiqsiz olardı.

"Gümrüdəki hərbi bazada bir çox ermənilər xidmət etsələr də, rəhbərlik hamısı ruslardan ibarətdir. Bundan əlavə, əgər narahatlıq Qarabağ məsələsinə görədirsə, birmənalı olaraq deyəcəyəm, Qarabağ ümumiyyətlə bu səlahiyyət sahəsinə daxil deyil. Əksinə, Ermənistandakı Rusiya bazası Qərbə qarşıdır.

Əslində Rusiya sadəcə yeni modellərlə silahlanmanı həyata keçirir. Yəni kəmiyyət deyil, keyfiyyətcə yenidən silahlanma var. Bu, Rusiya Silahlı Qüvvələrinin harada olmalarından asılı olmayaraq, yenidən silahlanmasına dair ümumi strategiyadır. Söhbət güc yaratmaqdan deyil, keyfiyyətcə yaxşılaşdırmaqdan gedir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Hərbi-Ekspert   Silah  





Xəbər lenti