Mövsümün son cıdır yarışına yekun vurulub
“Qızıl Tac Kuboku” uğrunda cıdır yarışının yekununda ilk qaçışda 1600 metr məsafəyə birinci yerin qalibi “Batumi Ridinq Club”un sahibi olduğu “Frankel” ləqəbli at olub. Burada 2 yaş İngilis atları yarışıb.
İkinci yarışda 3 yaş “Qarabağ” və Dilbaz atları mübarizə aparıb. Həmin qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Çalxanqala” ləqəbli at tutub.
Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atlarının mübarizəsi ilə davam edib. Bu yarışda hamıdan güclü “Günay” AİK-in sahibi olduğu “Miss Dahes” ləqəbli at olub.
Dördüncü qaçış 3 yaş İngilis atlarının 2000 metr məsafəyə yarışı ilə davam edib. Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu Naxçıvan ləqəbli at tutub.
Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının “Əlvida Kuboku” uğrunda 2400 metr məsafəyə yarışında İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at qalib gəlib.
Cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı İngilis atları arasında olub. İbrahimov Ramizin sahibi olduğu “Kənanın Kralı” ləqəbli at bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bütün yarışların qaliblərinə ARAF-ın vitse-prezidenti Elşad Abbasov kuboklar və diplomlar verib.
Xatırladaq ki, yarışın ümumi mükafat fondu 24 min 500 AZN təşkil edib.
Azvision.az