Rusiya Bakını qarışdırmaq istəyir – MEDİA DAYCEST

Rusiya Bakını qarışdırmaq istəyir – MEDİA DAYCEST
  08 Fevral 2013    Oxunub:2945
Son günlər mətbuatda, o cümlədən hakimiyyətə bağlı dairələrdə Rusiyanın Azərbaycanda builki prezident seçkiləri ilə bağlı bir sıra planlara malik olduğu barədə müzakirələr gedir.
Hətta İsmayıllı hadisələri də daxil olmaqla, ölkədə baş verən son səs-küylü olayların də arxasında Rusiyanın dayandığına dair hakimiyyət ideoloqları tərəfindən iddialar irəli sürülüb.

Unikal

İrəvan Ramil Səfərovdan əl çəkmir

Ermənistanın Ədliyyə Nazirliyi Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv edilməsinə qarşılıq olaraq beynəlxalq təşkilatlara şikayət etmək təşəbbüsündədir. Bu açıqlama ilə Ermənistan parlamentinin deputatı Hayk Babukhanyanın sualını cavablandıran ədliyyə naziri Hrayr Tovmasyandan çıxış edib. Erməni nazirin dediyinə görə, bu yöndə aparılan işləri ictimaiyyətə açıqlamaq uyğun deyil və bununla ekspertlər məşğul olur.

“Dağlıq Qarabağın işğalı Ermənistanı iqtisadi baxımdan təcrid vəziyyətinə salıb”

Ermənistan öz qeyri-konstruktiv addımlardan əl çəkməlidir, çünki Dağlıq Qarabağın işğalı bu ölkənin iqtisadi baxımdan təcrid olunmasına gətirib çıxarıb”.
Bu fikirlər Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədova məxsusdur. Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq əsasında addımlar atmalıdır.

“Xocalıda baş verən faciəni heç vaxt unutmamalıyıq”

«Bu ay biz həmin fəlakətli və ürəkağrıdıcı günün 21-ci ildönümünü qeyd edəcəyik. Təəssüf ki, bu gün Xocalı soyqırımına Azərbaycanın hüdudlarından kənarda demək olar ki, heç bir diqqət yetirilmir. Bununla belə, seçkili rəsmilər kimi, bizim ən güclü cəhətlərimizdən biri az tanınan və tanıdılması zərurət doğuran həqiqətləri işıqlandırmaq imkanımızın mövcud olmasıdır. Azərbaycanın dostu kimi, həmkarlarıma xatırlatmaq istərdim ki, biz Xocalıda baş vermiş faciəni heç vaxt unutmamalıyıq. O zaman Xocalı faciəsi «Boston Globe», «Washington Post», «New York Times», «Financial Times» və bir sıra Avropa və Rusiya xəbər agentlikləri də daxil olmaqla, beynəlxalq mətbuat orqanlarında geniş şəkildə işıqlandırılıb», - deyə ABŞ Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü Bill Şuster bildirib.

Sahibkarlığa Kömək Milli Fonduna ağır ittihamlar

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti ilə bağlı ciddi problemlər var. Ekspert Vüqar Bayramov bildirdi ki, Sahibkarlığa Kömək Milli Fondunda əsas problem kreditlərin verilməsi mexanizminin şəffaf olmamasıdır. Ekspert hesab edir ki, sahibkarların fondun kreditlərinən tam olaraq istifadə edə bilməməsi və ələçatanlığının şağı olması həm fondun fəaliyyəti ilə bağlıdır.

Bizim Yol

Əkrəm Əylisli xalqdan üzr istəsin

Əkrəm Əylisinin “Daş yuxular” romanı haqqında Rəsul Quliyev deyib ki, çox təəssüf edirəm ki, Əkrəm müəllim hətta obyektivliyə yaxın gəlməyən əsər yazıb. Bəlkə o, nəyinsə təsiri altında yazıb, bilmirəm. Düşünürəm ki, Əkrəm müəllim belə roman yazdığına görə Azərbaycan xalqından üzr istəməlidir. Məsələ ondadır ki, ermənilər “Daş yuxular”ı 1 milyon tirajla çap etdirib dünyada yayacaqlar və hər yerdə romanı azərbaycanlı yazıçının yazdığını bəyan edəcəklər.

İlqar Məmmədov bu gün azadlığa buraxılacaq?

REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun həbsinə dair qərardan verilmiş apellyasiya şikayətinə baxış sabah saat 12:00-a təyin edilib. Bu haqda İ.Məmmədovun vəkili Fuad Ağayev bloqunda məlumat dərc edib. Sözün düzü, bu məlumat məni çox təəccübləndirdi. Niyə? Ona görə ki, dünən Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası protokolu ilə tanış olduqdan sonra, hakim E.Mehdiyevin adına yazdığım ərizədə göstərdim ki, protokolda çatışmazlıqlar olduğuna görə sabah (yəni bu gün, fevralın 7-i) ona dair qeydlərimi məhkəməyə göndərəcəyəm, həmin qeydlərə baxılmamış həbs icraatının apellyasiya məhkəməsinə göndərilməsi yolverilməzdir. Cinayət-prosessual qanunvericiliyinə görə hakim bu qeydlərə baxmaq əvəzinə, materialı natamam protokol ilə apellyasiya məhkəməsinə göndərmişdir. Bu tələskənliyin səbəbi nədir?"

Gündəlik Bakı

“ASAN xidmət”dən paytaxt sakinlərinə şad xəbər

2 saylı Bakı “ASAN xidmət” mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bununla da paytaxtda fəaliyyət göstərəcək xidmət mərkəzlərinin sayı ikiyə çatdırılacaq.

Penitensiar sistem nəzarət üzrə İctimai Komitənin səlahiyyət müddəti başa çatır

Ədliyyə naziri yanında penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin səlahiyyət müddəti martın 1-də başa çatacaq. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin bu il martın 1-də başa çatması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Yeni Müsavat

Elşad Abdullayevə ermənilərlə işbirliyi suçlaması

ABU-nun sabiq rektoru Elşad Abdullayevlə onun qardaşı Mahir Abdullayevin oğurluq işində adı hallanan, hazırda həbsdə olan Arzu Kazımovun vəkili Ramiz Zeynalov arasındakı söz atışması böyüyür. R.Zeynalov deyib ki, E.Abdullayev bəzi əməlləri həm də Təhsil Nazirliyinin rəhbərliyi ilə bərabər paylaşıb. Onun sözlərinə görə, TN rəhbərliyi ABU-nun Moskva filialından Bakıya kütləvi “perevod”ları həyata keçirirdi və bu “perevodlar” əsasında sonradan verilən diplomlar Təhsil Nazirliyindən, nazir Misir Mərdanovun stolunun üstündən keçib: “Nazir bilmirdimi ki, həmin Moskva filialında erməni əməli var? Məsələn, məndə sənəd var ki, E.Abdullayev 2005-ci ildə ABU-nun Moskva filialının binasını, torpaq sahəsini, qonaq evini Azərbaycanda aldadılmış bədbəxt tələbələrin və valideynlərin külli miqdarda pulları müqabilində erməni Sarkisyan Feliks Karlenoviçdən 22 sentyabr 2005-ci ildə almışdı... Hətta məndə məlumat var ki, Elşad Abdullayevin Moskvadakı bağının, evinin və digər iaşə obyektlərinin alınmasında, indi bu obyektlərin pulunun Fransaya göndərilməsində, Elşad Abdullayevə çatdırılmasında bu ermənilərin böyük xidmətləri var".

Rusiya kriminal qrupların “əli ilə” Bakını qarışdırmaq istəyir

Son günlər mətbuatda, o cümlədən hakimiyyətə bağlı dairələrdə Rusiyanın Azərbaycanda builki prezident seçkiləri ilə bağlı bir sıra planlara malik olduğu barədə müzakirələr gedir. Hətta İsmayıllı hadisələri də daxil olmaqla, ölkədə baş verən son səs-küylü olayların də arxasında Rusiyanın dayandığına dair hakimiyyət ideoloqları tərəfindən iddialar irəli sürülüb. Azərbaycanda hakimiyyətin mövqelərinə zərbə vuran bu və ya digər hadisədə “Rusiya izi”nin axtarılması Bakı ilə Moskva arasında münasibətlərin nə dərəcədə pis olduğunu göstərməkdədir. Bütün bunlara əlavə olaraq, bugünlərdə informasiya agentliklərindən biri “kriminal qruplaşmalara daxil olan mənbə”yə istinadən kifayət qədər təhlükəli planlardan xəbər verə biləcək məlumat yayıb. Həmin məlumatda iddia olunur ki, ötən ay Moskvada öldürülən məşhur kriminal avtoritet “Ded Xasan”ın tərəfdarları prezident seçkiləri ərəfəsində Azərbaycanda, o cümlədən həbsxanalarda təxribatlar törətməyə hazırlaşırlar. Söhbət silahlı təxribatlardan gedir və iddia olunur ki, artıq kriminal qruplaşmalar tərəfindən Bakıda yüzlərlə adama TT tapançaları verilib. Mənbə “Ded Xasan”ın adamlarının Azərbaycanda “10 minə qədər adamı silahlandırmağa hazır olduğunu” da iddia edir.

Gündəm Xəbər

Rövnəq Abdullayev milyonlar itirəcək

Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, fevraldan qazın tarifləri 10% azalacaq.
“İşi davam etdiririk və düşünürım ki, qazı bir daha ucuzlaşdıra biləcəyik”, - deyə ötən çərşənbə axşamı İvanişvili mətbuat konfransında bildirib.
Energetika Nazirliyi bəyan edib ki, tarifin azaldılmasının detalları başa çatmayıb. Hazırda qaz paytaxtda 50,62 tetri, regionlarda 49-55 tetridir. ARDNŞ Tbilisidən kənarda yeganə qazpaylayıcı şirkətdir. O, “İTERA-Qruziya”nı alıb. İvanişvili bildirib ki, son zamanlar yanacaq da ucuzlaşır.
Beləliklə, o, qazın ucuzlaşması istiqamətində ilk addımı atıb. Gürcüstanda onun qiyməti 1000 kub metr üçün $300 idi.
Bu qiymət Azərbaycan və Gürcüstan energetika strukturlarının maxinasiyası nəticəsində yaranırdı. Mexanizm sadədir: sərhəddə ucuz satırıq, yerində baha, qiymət fərqi ciblərə axır. Məsələn, qaz Gürcüstana SOCAR Energy Georgia şəxsində kommersiya müəssisələrinə 143 ABŞ dollarına, əhali üçün 167 dollara satılır. Sonradan əhali üçün 300 dollara, kommersiya və dövlət strukturlarına bir qədər ucuz satılır. Belə bir sxem benzin satışında da olub. Saakaşvilinin partiyası parlament seçkilərində uduzan kimi SOCAR Energy Georgia-nın təşəbbüsü ilə qiymət ucuzlaşdırıldı.




Teqlər:  





Xəbər lenti