Nikol Kidmanın tələbəsi AzVision.az-a DANIŞDI

Nikol  Kidmanın tələbəsi AzVision.az-a DANIŞDI
  11 Dekabr 2013    Oxunub:3782
Bu aktrisaya baxanda adama elə gəlir ki, məktəblidir. Amma o boyundan böyük işlərlə məşğuldur. Gənc, amma bir çox mükafatlara layiq görülmüş 26 yaşlı “Bir aşk hekayəsi” serialının “Ceylan”ı Damla Sönməz.

Maraqlı müsahibdir, çünki suallara düşünüb don geyindirmədən cavab verir.

- Maraqlı və fərqli bir siman var. Hər halda bu sənin avantajın olub.

- Anam Abxazdır, atam isə Suriyadan köç edib. Babam əslində çərkəzdir. Bir zamanlar Diyarbəkirdən Suriyaya gedib, sonra atamgil ilə bərabər Türkiyəyə geri dönüb. Ona görə də mən türk qızlarına çox bənzəmirəm.

-Deyəsən tək xarici görünüşünlə deyil, həmçinin xarakterinə görə də fərqlənirsən ?

-Bəli, xarakterim də türk qızlarına bənzəmir. Anama daha çox oxşayıram. Onu da deyim ki, çox tərsəm. Dediyim dedikdir, sözümdən dönmürəm.

- Çox arıqsan. Sənə baxanda mənə elə gəlir günlərlə yemək yemirsən.

- (Gülür) Yox, vallah yeyirəm. Sadəcə tipim budur.

- Bəs aktrisa olmağa necə qərar verdin. Twitterdə sənin haqqında məlumatları oxuyanda musiqi ilə maraqlandığını, piano, kaman dərsləri aldığını öyrəndim.

- Əslində oxumaqla aktrisa olmaq olmaz. Çünki buna istedad və istək lazımdı. Doğrudur musiqi dərsləri almışam. Amma aktyor olmaq həvəsi mənə üstün gəldi. Düzünü deyim ki, musiqi təhsili mənim yox, ailəmin istəyi idi. Mən sadəcə buna bir həvəs kimi baxırdım. Arada özüm üçün pianoda, kamanda bir şeylər ifa edirəm. Bundan o tərəfi mənim üçün yoxdur .

“New York Film Akademiyası”nda təhsil almısan. Məncə Türkiyədən həmin Akademiyada oxuyan tək aktrisa sənsən. Ora kimin dəstəyi ilə getdin və ya necə oldu belə bir qərara gəldin?

- Akademiyada oxumaq istəyirdim. Buna görə də müraciət etdim. Hər şey istədiyim kimi alındı. Birdə baxdım ki, artıq tələbəyəm. Orada Nikol Kidman kimi “Hollywood” ulduzundan dərs almışam.

“New York Film Akademiyası”nda təhsil, gənc yaşda “Altın Portakal” mükafatını almısan. Sənə şanslı demək olarmı? -

- Mənə bacarıqlı demək olar. Akademiyada oxumağımın, nə də ki, mükafat almağımına şansla əlaqəsi yoxdu. Çünki mən gözəl bir işin müqabilində bu mükafatı almışam. Yəni, zəhmətimin bəhrəsi olub. Aktrisa olmağımı, gözəl seriallarda rol almağımı şansa bağlaya bilərəm. Bəlkə çoxunun qarşısına çıxmayan fürsətlər mənim olur.

Bir az da “Bir Aşk hekayəsi” serialından danışaq

- Əslində bu serial bir Koreya filmindən götürülüb. Sadəcə biz o filmin hekayəsini öz versiyamızla oynamışıq. Sevə-sevə oynayırıq və pis alınmır.

Tərəf müqabilinizlə çox yaraşırsınız.

- (Gülür) Bizi hər kəs yaraşdırır. Amma mən Seçkinlə sadəcə dost və tərəf müqabiliyəm. Yəni sevgili deyilik. Hətta qəzetlər sevgili olduğumuzu yazmışdı. Biz buna çox gülmüşdük. Demək rolumuzu çox inandırıcı oynayırıq. Əsində bu gözəl bir şeydi. Tamaşaçını serialın təsirinə sala bilmişik.

Seçkinin sevgilin olmadığını bilirəm, amma başqa bir sevgilin olmadığına inanmıram.

- Yoxdu. İnanın! Olsa bunu niyə gizlədim? Bu çox gözəl bir hisdir. Olsa idi paparazzilər çoxdan yaxalamışdı. Əslində heç aşiqəm deyənlərə də inanmıram. Mən gerçək sevgini atamda, babamda gördüm. İndiki sevgilər qondarmadır, tez tükənir. Bir baxırsan əlini tutub, birdə baxırsan yoxdu.

- Eyni zamanda “Gənc Cadı” mükafatını da almısınız. Bəlkə elə cadılığınızdan sevgiliniz yoxdur?

- Allahım, ağlınıza nələr gəlir. Mən o Mükafatı “Uçan süpürgə” festivalında almışam. Orada bunu Damla kimi deyil “Bornova Bornova” filmindəki “Özləm” roluna görə almışam. O qədər cadı deyiləm. Vallah… (Gülür) Yəni kənardan elə görsənirəm?

Yox, sadəcə soruşdum.

- Seriallardan çıxsaq normal həyata dönsək, qarşımızda necə bir Damla görərik?

- Hər kəs kimi sıradan bir qız. Bir ananın, atanın övladı. Gündəlik qayğıları, özünə görə problemləri olan Türkiyə vətəndaşı. Bizim həyatda da rollarımız var. Amma bu rolları yaxşı oynamaq bizimlə bağlı olmaya bilər. Anam hər zaman deyir ki, taleyin oyunçularıyıq. Bununla tam razıyam. Sadəcə birimiz üzü ağ, birimiz üzü qara çıxacayıq. Bəzən elə düşünürlər ki, rol oynamaq, şöhrət hər şeydi. Amma elə deyil. İnsan özü ilə baş-başa qalanda hər şey çıxıb gedir. O zaman sən rola girə bilmirsən. Kimsən, nəçisən hamısını üzünə vurursan. Mən özümlə danışan insanam. Məsələn, deyirəm ki, elə yaşa peşman olma. Çünki peşmançılıqlara ayrılacaq vaxtın yoxdu. Ömürümüzün neçə il olduğunu bilmirik.

- Belə bir deyim var ki, “hər gün ölə bilərsən kimi yaşa” . O prinsiplə yaşayırsan?

- Tam olaraq elə yaşasam çətin olar. İnsan yaşamağı, həyatı sevir. Sadəcə düzgün yaşamaq, işlərimlə məşğul olmaq istəyirəm. Planlı şəkildə yaşamaq, xəttən çıxmamaq… İstəyim budur.

- İstəklərin arasında uğurlarını artırmaq, daha da yüksəklərə çıxmaq arzusu var. Bəs ailə, övlad sahibi olmaq necə ?

- Onsuz olmaz. Yəni, ailəsiz, övladsız yarım qalarsan. Sadəcə onun üçün bir az tezdi. Buna mənəvi hazır olanda, doğurdan da birini sevdiyimə, ondan övlad dünyaya gətirmək istədiyimə əmin olanda dedikləriniz də olacaq.

- Amma alın yazısı deyilən bir şey var və ona inandığını dedin.

- İnanıram. Əslində qismət gələndə nə vaxta, nə də hissə baxır. Mən sadəcə düşündüklərimi deyirəm.

- Bütün günü serial çəkilişindəsən. Yorulmursan? Özünə nə zaman vaxt ayırısan?

- Yoruluram, bəzən yeriməyə gücüm qalmır. Deyirəm elə çəkiliş meydançasında bir yer tapım yatım. Özümə vaxt ayıra bilmirəm. Dostlarımla az görüşürəm. Əslində bunu çox istəyərəm. Amma iş çoxdu. Alış-verişi çox sevirəm. Bu sevgi olaraq da qalır. Çünki buna da vaxtım olmur. İndi çox işləyirəm, gəncəm, enerjiliyəm, bir az sonra yaşlananda indi edə bilmədiklərimə vaxtım çox olacaq.

- Twitterdə sənin siyasi mesajlar yazdığını da gördüm. Bu siyasilik nə məsələdir?

- Mən siyasətçi deyiləm. Amma bir vətəndaş kimi ölkəmdə baş verən hadisələrə münasibət bildirirəm. Bunu oyunçu Damla kimi yox, vətəndaş Damla kimi edirəm. Hər kəs zaman-zaman siyasi statuslar yazır.
- Ən böyük arzun nədir?
- Dünyanı gəzmək istəyərəm. Gəzib görmək, müxtəlif xalqların adətləri ilə tanış olmaq çox cəlbedicidir. Bir də ən böyük arzum, içimdə kimsəyə söyləmədiyim bir arzum var, ona çatmaqdır.

-Sirli oldu bir az.

- Bir az da sirli qalım… Əgər o arzuma çatsam, sənə zəng edib söyləyəcəm ki, ilk yazan sən olasan.

- Sözünə əməl edəcəyinə inanıram.

- Söz! Damla Sözü!

Məhsəti Şərif, İstanbul
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti