“Bu, Moskvanın Paşinyana növbəti xəbərdarlığı idi” - Rusiyalı ekspertin Qarabağ şərhi

  10 Oktyabr 2019    Oxunub : 3153
 “Bu, Moskvanın Paşinyana növbəti xəbərdarlığı idi” - Rusiyalı ekspertin Qarabağ şərhi
Rusiya nəhayət ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa dair açıqlamaları ilə bağlı ilk siqnalı verdi
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” nəşrinə xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsi üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

“Valday” klubunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan tərəfinə yönəlik tənqidlərini şərh edən ekspert bildirib ki, Moskvanın Qarabağ münaqişəsinin həlli ilə bağlı bu cür bəyanatları münaqişə zonasında gərginliyə səbəb olmur.

Onun fikrincə, bu, Nikol Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uzunmüddətli danışıqlar prosesini pozmağın yolverilməz olduğuna dair növbəti xəbərdarlıq idi.

“Rusiya tərəfi uzun müddət susdu və Nikol Paşinyanın Qarabağla bağlı verdiyi bütün açıqlamaları yekunlaşdıraraq ona ilk siqnalını verdi. Bir ekspert kimi mən də belə bir siqnal gözləyirdim. Başqa sözlə, Moskva bu münaqişənin Baş nazir Paşinyan tərəfindən irəli sürülən tezislərə görə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olmasına imkan verməz", - Trofimçuk əlavə edib.

Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın genişləndiyini vurğulayan ekspert, Paşinyanın Qarabağa dair “inqilabi” açıqlamaları fonunda bunun tamamilə təbii göründüyünü qeyd edib:

"Başqa bir şey gözləmək ən azı qəribə olardı. Paşinyanın rəhbərliyi ilə Ermənistanın anlaşılmaz mövqeyi fonunda Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqına qoşulmadan Rusiyanın strateji tərəfdaşına çevrilməsi normal bir hadisədir. Deməli, Rusiya tərəfi burada heç bir balansı pozmur. Keçən ilin yazından bəri Ermənistanın yeni hakimiyyəti tarazlığı pozur və görünür, bu heç də pozuntuların hamısı deyil. Yeniləri yoldadır".

Trofimçik onu da əlavə edib ki, Vladimir Putinlə çoxsaylı görüşlərdən sonra Paşinyan heç bir siqnala reaksiya vermədən inadla xəttini davam etdirir.

P.Sultanova
Azvision.az

Teqlər: Rusiya   Paşinyan   Qarabağ   Ekspert