Suriyada “Barış pınarı”: Ərdoğan əmr verdi, terrorçular məhv edilir - VİDEO

  09 Oktyabr 2019    Oxunub : 2615
 Suriyada “Barış pınarı”: Ərdoğan əmr verdi, terrorçular məhv edilir - VİDEO
Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı başlatdığı “Barış pınarı” əməliyyatı uğurla davam etdirilir.
Azvision.az xəbər verir ki, son məlumatlara əsasən, Türkiyə ordusu sərhəddən Suriya istiqamətində 30 kilometr irəliləyərək terrorçuların mövqelərinə sarsıdıcı zərbələr endirib. Əməliyyata "F16" bombardmançı təyyarələri cəlb olunub.



Qırıcılar Rami hərbi bazasını və silah anbarını, Aluk, Mustel, Əsadiyə, Fender və Huşan kəndlərindəki hədəfləri bombalayıb. Dərik və Qamışlı əyalətlərində terrorçular məhv edilib.

Hərbi əməliyyatlarla əlaqədar Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Təhlükəsizlik Şurasını toplayıb. Mətbuata qapalı keçrilən iclasda “Barış pınarı” hərəkatı ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib.



Türkiyənin yeni əməliyyata başlaması bir çox ölkələri narahat etməyə başlayıb. ABŞ prezidenti Donald Tramp əməliyyatları dəstəkləmədiyini və bunun Türkiyə üçün yaxşı olmayacağını bəyan edib.

Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker də Türkiyəni hərbi əməliyyatları dayandırmağa çağırıb:

“Türkiyə bizim tərəfdaşımızdır. Etiraf edirik ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları var. Lakin mən Türkiyə və digər iştirakçıları təmkin nümayiş etdirməyə və hərbi əməliyyatları dayandırmağa çağırıram”.



Bundan əlavə, oktyabrın 10-na BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb. Fransa, Böyük Britaniya, Almaniya, Belçika və Polşa nümayəndələrinin tələbilə BMT TŞ-da Türkiyə ordusunun Suriyanın şimalında əməliyyata başlamasına dair müzakirələr aparılacaq.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.

Rüstəm İsmayılov
Azvision.az

Teqlər: Türkiyə   Suriya