Gürcüstan prezidenti: “Rusiya ilə dialoqdan imtina etməmişik”

  26 Sentyabr 2019    Oxunub : 699
 Gürcüstan prezidenti: “Rusiya ilə dialoqdan imtina etməmişik”
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə dialoq aparmağın və münaqişəni həll etməyin vacib olduğunu deyib.

Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, ölkə başçısı bu barədə BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı deyib.
O, bildirib ki, Gürcüstan ərazi problemlərini həll etmək üçün Rusiya ilə dialoqdan deyil, güc tətbiq etməkdən imtina edib: "Müharibə və münaqişə tariximizin bir hissəsidir. Gürcüstana əsrlər boyu basqınlar edilib. Paytaxt Tbilisi 26 dəfə yandırılıb. Gürcüstanın ərazisi uzun müddətli və ya qısa müddətli işğal edilib, ancaq biz xilas olmuşuq. Və bu gün qürurla müstəqil, demokratik ölkə olaraq dünya xəritəsində yer tuturuq".

Zurabişvili qeyd edib ki, Gürcüstanın müharibəyə cavabı bir çox komponentdən ibarətdir. Bir tərəfdən bu, sülhün qorunması, digər tərəfdən isə ölkənin inkişafıdır.

"Fəaliyyətə və diplomatiyaya ehtiyacımız var. Biz Rusiya ilə dialoqdan imtina etməmişik. Ekspert müzakirələrindən konkret siyasi danışıqlara keçməliyik. Problemlərin həllində Cenevrə formatından istifadə etmək üçün hər iki tərəfin siyasi iradəsi lazımdır. Rusiyanı atəşkəs rejimiminin tətbiqi ilə bağlı müzakirələrə cəlb etməklə bağlı rəsmi və ya qeyri-rəsmi dialoqlara, forumlara ehtiyac var", - deyə Zurabişvili vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: SalomeZurabişvili