İstanbulun erməni məhəlləsindən fərqli REPORTAJ

İstanbulun erməni məhəlləsindən fərqli REPORTAJ
  06 Dekabr 2013    Oxunub:2255
İstanbulda ermənilər bir neçə səmtdə yaşayır. Amma demək olar ki, əsas İstanbulun mərkəzi və tanınmış yerlərində məskən salıblar. Onların burada sayı olduqca çoxdu. Bu barədə reportajımın sonlarına yaxın yazacam.

Mənim üçün maraqlı idi ki, Ermənistanda türklərin yaşaya bilmədiyi halda burda bu qədər çoxluqla yaşayan ermənilərin durumu necədi. Düzdü ara -sıra bəzi məhəllələrdə ermənilərlə qarşudurma xəbərlərini eşidirik. Bu xüsusi ilə İstanbulun Samatya səmtində baş verir ki, bura da ermənilərin kütləvi yaşadıqları yerdir. Ümümiyyətlə, isə götürəndə onların vəziyyəti pis deyil.

Əvvvəlcə bir məqamı qeyd edim. Bir dəfə İstanbulun Anadolu tərəfinə gedirdik. Gəmidə bir qurup erməni var idi. Onların erməni olduğunu gəmidə yaranmış mübahisədən anladım. Bir neçə türk gənclə mübahisələri düşən erməni gənclər belə bir ifadə işlətmişdi: “Sizin bizə çatmagınıza çox var”. Elə mübahisə də ondan yaranmışdı. Türk gənclər o zaman niyə Türkiyədəsiniz deyə davaya başlasalar da böyüklərin müdaxiləsindən sonra sakitlik yaranmışdı. Elə məhz o anda mən bu reportajı hazırlamaq qərarına gəldim...



...Nəhayət İstanbulun mərkəzi və zəngin səmtlərindən olan Kurtuluşdayıq. Burda da Samatyada olduğu kimi ermənilər kütləvi şəkildə yaşayır. Başlamaq çətindi, iş bir tərəfə içində bir acı və hirs var. Tam səmimi və ədalətli ola bilməmək qorxusu da bir tərəfdən. Mənim torpağımı işgal edən bir dövlətin vətəndaşı ilə üz -üzə oturacam. Bu fikirlərlə küçədə ilk qarşıma çıxan bir qadınla söhbətə başlayıram. Hamisa Galoşyanın 70 yaşı var. Burdakı yaşam tərzindən qəti gileyli deyil. Deyir ona erməni olduğuna görə kimsə gözün üstə qaşın var deməyib:



-“Nə mənə, nə də övladlarıma qarşı heç bir zaman problem olmayıb. Biz Türkiyə vətəndaşıyıq. Bura bizim vətənimiz sayılır. Mən siyasət adamı deyiləm. Niyə mənə problem yaransın? Gündəlik həyatımızı davam etdiririk. Düzdü bəzən olur ki, gənclər arasında mübahisələr olur. Amma bu müəyyən siyasi hadisələr zamanı olur. Onları kənardan qıcıqlandırırlar”.

- Hansı hadisələr deyə maraqlanıram. Hamisa Galoşyan bildirir ki, əsas mübahisələr qondarma erməni soyqırımı məsələsi müzakirə olunanda yaranır.

“Hər tərəfin öz fikri var. Soyqırım olub ya yox? Mən bu barədə danışmaram. Düşündüklərim mənə qalsın. Amma buna görə də problem yaranmasını istəmirəm. İstanbulda çox sayda erməni yaşayır. İnsanlar qaynayıb qarışıb. Bu tarixi məsələlər üzündən mən övladlarıma zərər gəlsin istəmərəm. Bunu Ermənistandakı məmurlar da bilməlidir. Onlar burdakı vətəndaşların təhlükə altına atmamalıdır. Türkiyədə ermənilərlə yaranan problemlərə Azərbaycan və Ermənistan arasındakı münaqişə də səbəb olur. Ermənistan Azərbaycan torpaqlarını işgal edib. Mənim üçün Azərbaycanla bağlı problem yoxdu. İşğal, torpaq, bu davalar ümümuyyətlə, məni maraqlandırmır. Mən yaşadığım ölkədə sakit və dinc olmaq istəyirəm”.

Beləcənə Hamisa Galoşyanla söhbətimi bitirib elə məhəllədəki erməni əmlakçının ofisinə girirəm. Söhbətimizə Serko Ovikyanla davam edirəm. Onun düşüncələri isə erməni xanımdan fərqli olaraq daha sərtdi.



“Erməni soyqırımı məsələsi ortaya çıxan kimi baş nazir Rəcəb Tayyib Ərdoğan deyir ki, Türkiyədəki vətəndaşlığı olmayan erməniləri ölkələrinə göndərəcəyik. Bu çox gülünc bir məsələdi. Soyqırımın burdakı ermənilərlə nə əlaqəsi var. Bu tarixi bir hadisədir. Fakt var və bu hər zaman müzakirə mövzusu ola bilər. Amma bu o demək deyil ki, biz Türkiyəni sevmirik. Bura artıq bizim vətənimizdir”.

Serko Ovikyanla söhbətin məcrasını Azərbaycana doğru dəyişirəm :

Soyqırımın olduğunu deyirsiniz? O zaman Azərbaycandan danışaq. Ermənistanın işgalından, Xocalıdan...

“Bu bir az mübahisəli məsələdi. Məsələn, siz deyirsiniz işğal, Ermənistanda isə buna fərqli yanaşırlar. Onlar deyirlər ki, biz tarixi torpaqlarımızı işğaldan azad etmişik. Mən hansı düz hansı yalnışdı bilmirəm. Amma onu bilirəm ki, tarixən iki xalq arasında münaqişə olub. Bunu dövət adamları həll etməlidir. Mən adi vətəndaşam və müharibənin olmasını istəmirəm. Nə erməni gəncləri, nə də azərbaycanlı gənclər ölməsin.

Mən uşaqlıqdan buradayam. Atam isə Ermənistana qayıdıb getdi. Dedi ki, erməniyəmsə, Ermənistan kimi dövətim var gedirəm. Bu Ermənistanın müstəqiliyindən sonra oldu. Bacım və qardaşım da atamla getdi. Atam yaşlı idi və orda dünyasını dəyişdi”.

Həmsöhbətim Ermənistanda yaşayan ermənilərin Türkiyə, Azərbaycanla bağlı nə düşündüklərindən də danışdı.

“Düşüncələr fərqlidir. Bəziləri çox milliyətçidir.Onlar Türklərə düşməndi. Amma bir qisim ümümiyyətlə, baş verənlərdən çox narahatdır. Eyni şey Türkiyədə də var.Ona görə də mən fərqli düşünürəm. Hər tərəfdə haqlı və haqsızlar var”.

Ofisdə çalışan digər erməni gənc Vardan Asryan isə deyir ki, o bir neçə ildi ki, Türkiyədə yaşayır.

“Danışılanların heç biri ilə razı deyiləm. Əgər Ermənistan vətəndaşına yaxşı baxsaydı mən bu gün burda olmazdım. Ermənistan gah Türkiyə ilə problem yaşayır, gah da Azərbaycanla. Başa düşmürəm niyə? Müharibə bu ölkəyə niyə lazımdı? O torpaqları nə edəcək? Əvvəlcə özünün sahib olduğu torpaqlarda vətəndaşlarına şərit yaratsın, sonra başqa torpaqlar haqda düşünsün. Mənim üçün Ermənistan sadəcə doğulduğum bir ölkədir. Oradan çox yoruldum və Türkiyədə rahat yaşaya bilirəm. İndi soyqırım və ya Qarabag müzakirəsinə görə narahat olmaq istəmirəm. Müharibə olacaq və mən gedib öləcəm? Kim üçün? Ac qalan ailəm üçünmü? Öncə dövlət mənim və ailəmin qarınını doyursun”.



Bu fikirləri söyləməkdən qorxmursunuz deyə soruşuram.

“ Yox, mən azad insanam. Nə düşünürəmsə onu da deyirəm. Müharibə, siyasət davası zəngin insanlara lazımdı. Bununla onlar nəsə əldə edir. Mən sıradan bir fəhləyəm. Harada qarnım doyacaqsa orada gedəcəm. Türkiyədə kimsə bizi incitmir. Bəzən diaspora aranı qarışdırmağa maraqlıdır. Çünki onlara Fransadan pul gəlir. Mənə nə olub? Birinin qazanması üçün millət deyib bağırım? Millət mən və mənim ailəmə sahib çıxandı”.

Bu arada fikirlər bölünür. Ofisdə olan erməni məhəlləsinin başqa bir sakini məsələyə kəskin müdaxilə edir. Adının Gevork oldugunu öyrəndiyimiz gəncə görə isə Türkiyədə onlara qarşı münasibət birmənalı deyil.

“Düzdü biz burda işləyirik, yaşayırıq. Amma Samatyada öldürülən yaşlı qadınları unutmayaq. Onları kim öldürdü? Təbii ki, türklər. Onlar Türkiyə vətəndaşı idi. Türkiyə bir türk vətəndaşına sahib çıxdığı kimi erməni vətəndaşına da sahib çıxmalıdır. Mənim çoxlu türk dostlarım var. Demirəm ki, hamı eynidir. Amma problem var və bu istər istəməz bizi narahatlıq içində saxlayır. Bəzən türk dostlarımın evində “Kafirdi bu?” sualı ilə qarşılaşıram.

Müsəlmanlar və kafirlər bölgüsü edirlər. O zaman gəlin etiraf edək ki, İslama görə ermənilərə soyqırım edilib”.

O zaman niyə Türkiyədə yaşayırsınız deməkdən özümü saxlaya bilmirəm.



“Mən bu ölkəni sevirəm. Heç vaxtda Ermənistana qayıtmağı düşünmürəm. Sadəcə ədalətli davranılmasını istəyirəm”.

Azərbaycan-Ermənistan məsələsində də ədalətli ola bilərsinizmi? sualıma isə :

“Mən Ermənistanda olanda Qarabağda döyüşməkdən imtina etmişdim. Buna görə də bəzi insanlar mənə düşmən kimi baxırdı. Bu bir siyasi müharibədir. Kimin qazanacağı bəlli olmayan və illərlə uzanacaq müharibə. Serj (Sarkisiyanı nəzərdə tutur- red) və ondan əvvəlkilər bu müharibə ilə hakimiyyətlərin qoruyur. Müharibə qara vətandaşa lazım deyil”.

Ofisdən ayrılıram. Artıq başqa bir erməni ilə danışmaga səbrim çatmır. Yavaş -yavaş erməni qoxulu məhəllədən çıxıb dərin nəfəs alıram. Reportaj zamanı hislərimi cilovlasam da gərgin olduğumu hiss edirəm...



Türkiyədəki Atatürk Araşdırma mərkəzinin məlumatına görə İstanbulda 140 min erməni yaşayır. İstanbulda ermənilərin 16 orta məktəbi, 25 kilsəsi var. Burdakı erməni dərnəklərinin sayı isə bilinməyəcək qədər çoxdu. Diaspora burdakı vətəndaşları ilə sıx əlaqə saxlayır. Toplantlar keçrilir. Ermənilər qarşı baş verən ən kiçik hadisədə belə həm diaspora, həmdə dərnəklər tərəfindən ciddi reaksiya gəlir, etiraz aksiyaları keçirilir.



Məhsəti Şərif, İstanbul
AzVision.az


Teqlər:  





Xəbər lenti