Rəsmi Pekin "G7" liderlərinə etiraz edir

Rəsmi Pekin "G7" liderlərinə etiraz edir
  27 Avqust 2019    Oxunub:1785
Çin "G7" liderlərinin Honkonqdakı vəziyyətlə bağlı bəyanatından narazıdır və etirazını bildirir.
Azvision.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Qen Şuan deyib.

"Liderlərin Honkonqla bağlı məsuliyyətsiz bəyanatlarına ciddi narazılığımızı və etirazımızı bildiririk. Hongkonq Çinin daxili işidir və heç bir dövlətin bu məsələyə müdaxilə etmək hüququ yoxdur. Problemlərimizi özümüz həll edə bilərik",- deyə Qen Şuan bildirib.

Onun sözlərinə görə, Honkonqdakı zorakılıq hərəkətləri iki aydan çoxdur ki, davam etdirilir və bu qanunun aliliyinə, ictimai asayişə və beynəlxalq imicə güclü zərbə vurur.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Biarritsdə keçirilən "G7" sammitindən sonra liderlərin Honkonqdakı vəziyyəti müzakirə etdiklərini və Çini şiddətdən çəkinməyə çağırdıqlarını bildirib. Böyük yeddilik liderləri Honkonq üzrə 1984-cü il tarixli Çin -Britaniya deklarasiyasının mövcudluğunu ve vacibliyini yenidən təsdiqləyib, zorakılığın qarşısını almağa çağırıblar.

Xatırladaq ki, Honkonqda etiraz aksiyaları 2 ay əvvəl başlayıb. Buna səbəb yerli hakimiyyət orqanının qanunları pozmaqda şübhəli sayılan, yaxud axtarışda olan şəxslərin Çinə verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməsi olub. Cəmiyyətin təzyiqi ilə yerli administrasiyanın rəhbəri Kerri Lam qanun layihəsini gündəmdən çıxarıb. Ancaq bu da hökumət əleyhinə aksiyaları dayandırmayıb. Polis dəfələrlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Honkonq  





Xəbər lenti