Nazir gənc şahmatçıları təbrik etdi

Nazir gənc şahmatçıları təbrik etdi
  27 Avqust 2019    Oxunub:1765
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində 2019-cu ilin avqust ayında Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində mükafatlar qazanmış Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və digər rəsmi şəxlər iştirak ediblər.

Nazir Azad Rəhimov gənc idmançıları ürəkdən təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin xüsusi rolu olduğunu vurğulayıb. Daha sonra Azad Rəhimov, Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda təşkil edilib keçirilən Ümümdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq şahmat festivalları kimi tədbirlər haqda məlumat verib. Nazir, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyev tərəfindən bütün Azərbaycan idmanına olduğu kimi, Azərbaycan şahmatına da xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da qalibləri təbrik edərək, bütün şahmatçılar adından göstərilən qayğıya görə dövlət başçısın a və Gənclər və İdman Nazirliyinə öz təşəkkürünü bildirib .

Görüşün sonunda nazir Azad Rəhimov Avropa birinciliyində mükafatlar qazanmış gənc şahmatçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Qeyd edək ki, Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal əldə qazanıblar. 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva (Bakı) və 8 yaşadək qızlar arasında Dinara Hüseynova (Bakı) qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli (Gəncə) gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli (Şəki) və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev (Bakı) bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiyadan sonra Avropa birinciliyində ikinci nəticə göstərib.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti