Gülnara Kərimovaya qarşı yeni cinayət işi açıldı

  20 Avqust 2019    Oxunub : 1290
 Gülnara Kərimovaya qarşı yeni cinayət işi açıldı
Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya qarşı yeni cinayət işi açılıb.

Özbəkistanın Baş prokurorluğunun yaydığı məlumatda bildirilib ki, Gülnara Kərimova “Kuvaysement” və “Bekabadsement” zavodlarının səhmlərini çox aşağı qiymətə alıb və sonradan bu səhmləri yüksək qiymətə xarici sahibkarlara satıb, bununla da dövlətə külli miqdarda maddi ziyan vurub.
Qeyd edək ki, 2015-ci ildə Gülnarə Kərimova vergidən yayınmaqda, dələduzluq, soyğunçuluq, gömrük qanunvericiliyinin və iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub. O, indiyədək Özbəkistana cəmi 32 milyon dollar qaytarıb.

Azvision.az

Teqlər: Gülnarə-Kərimova