Ərdoğandan ABŞ-a ismarıc: “Təhdid altında yaşamaq istəmirik”

 Ərdoğandan ABŞ-a ismarıc:  “Təhdid altında yaşamaq istəmirik”
  04 Fevral 2019    Oxunub:1840
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, amerikalı həmkarı Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxaracağı ilə bağlı verdiyi vədin icrasına tezliklə başlanılacağını gözləyir.

Azvision.az xəbər verir ki, Ərdoğan bu sözləri TRT telekanalının efirində səsləndirib.
“Cənab Tramp söz verdi ki, ABŞ Fərat çayının şərqindən çıxacaq. Bu sözün yaxın zamanlarda yerinə yetiriləcəyini gözləyirik. Biz təhdid altında yaşamaq istəmirik və onun aradan qaldırılması üçün zəruri olan hər şeyi etməyə hazırıq”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti bir daha bildirib ki, Ankara Suriyanın parçalanmasının əleyhinədir və bu ölkənin siyasi birliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasının tərəfdarıdır.

Ərdoğan, həmçinin vurğulayıb ki, Suriyanın şimalında yaradılacaq təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir: “Bu zonada təhlükəsizliyin təmini üçün biz bütün tədbirləri görəcəyik”.

Ötən ilin sonlarında Ərdoğan bəyan etmişdi ki, əgər ABŞ Suriyanın şimalında və Menbiçdəki YPG kürd terrorçularını həmin ərazilərdən uzaqlaşdırmasa, onda Fərat çayının şərqinə doğru yeni anti-terror əməliyyatlarına başlayacaq. Lakin 14 dekabrdakı telefon söhbətində Tramp Amerika qoşunlarının Suriyanı tərk edəcəyinə dair söz verdikdən sonra Ərdoğan hərbi əməliyyatların müvəqqəti təxirə salındığını deyib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti