“Avropa ödəmə mexanizmi ilə bağlı gecikdi" - Rəsmi Tehran

 “Avropa ödəmə mexanizmi ilə bağlı gecikdi" -  Rəsmi Tehran
  01 Fevral 2019    Oxunub:1893
Tehran Almaniya, Fransa və Böyük Britaniyanın İranla ticari hesablaşmalar üçün xüsusi ödəmə mexanizmi (INSTEX) yaratmalarını alqışlayır.
Azvision.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu cür bəyanatla çıxış edib. Bildirib ki, İran INSTEX-i Avropa İttifaqının (Aİ) nüvə sazişi üzrə öz öhdəliklərini yerinə yetirməsi çərçivəsində ilk addım hesab edir və Aİ-nı digər öhdəliklərinin də qısa müddət ərzində icrasına etməyə çağırır.

Qasımi onu da xüsusilə vurğulayıb ki, INSTEX-in yaradılması çox uzun zaman apardı və gecikdi. Bu səbəbdən də, Almaniya, Fransa və Böyük Britaniya bu mexanizmlə ABŞ sanksiyalarının bir qisminin kompensasiya olunacağını təmin etməlidir:

“ABŞ-ın İranın nüvə proqramı üzrə birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxmasından sonra Avropa ölkələrinin bu sazişlə bağlı mövqeyinə, həmçinin, İrana qarşı ABŞ-ın çəhdudlaşdırıcı tədbirlərinə baxmayaraq, biz, Aİ tərəfindən İranın maraqlarına cavab verən praktiki addımlar atılmasının şahidi olmadıq” – Qasımi bəyan edib.

Qeyd edək ki, ötən gün Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə xüsusi ödəmə kanalını rəsmi olaraq yaradıblar. Bununla da, İranla nüvə sazişinin Avropalı iştirakçıları Amerika sanksiyalarına qarşı Tehrana verdikləri iqtisadi zəmanət vədini yerinə yetiriblər. ABŞ sanksiyalarından yan keçəcək xüsusi ödəmə kanalı “INSTEX” (Instrument In Support Of Trade Exchanges – Ticarət Birjasının Dətəklənməsi Aləti) adlanacaq. İranla biznes əlaqələri olan qeyri-Avropa xarici şirkətlər də bu kanal vasitəsilə ödəmə əməliyyatlarını icra edə biləcək və Amerikanın sanksiyalarından yayınaraq ziyana düşməyəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti