Tereza Mey parlamentə ikinci şans verir

 Tereza Mey parlamentə ikinci şans verir
  28 Yanvar 2019    Oxunub:2669
Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişini mümkün qədər tez zamanda təsdiqləməsi üçün ölkə parlamentinə ikinci dəfə şans vermək niyyətindədir.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniya baş nazirinin sözçüsü Ceyms Slek deyib.
Bildirib ki, parlamentarilərin dəstəyini qazanmaq üçün sazişlə bağlı mübahisəli məqamlar üzrə razılığa gəlinməsi istiqamətində danışıqlar davam etdirilir. Lakin Slek onu da vurğulayıb ki, danışıqların nə ilə yekunlaşacağından və səsvermənin nəticələrindən asılı olmayaraq, baş nazir Tereza Mey martın 29-da Britaniyanın Avropa İtifaqından ayrılmasında qərarlıdır.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini rədd etmişdi. Britaniya qanunvericiliyində edilmiş dəyişikliyə uyğun olaraq, parlament səsverməsindən sonrakı 3 iş günü ərzində baş nazir Tereza Mey ölkənin Avropa İttifaqından ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nı təqdim edib. “B planı”nın parlamentdə müzakirəsi və sənədlə bağlı səsvermə isə 29 yanvarda keçiriləcək. Daha sonra Mey nəticələri Aİ-yə təqdim etməli və Brüssel də öz növbəsində “B planı”nı təsdiq etməlidir. Lakin ekspertlərə görə, mübahisəli məsələlərin, xüsusən də, İrlandiya ilə sərhəd məsələsinin hələ də həllini tapmadığı nəzərə alınsa, yeni sənədin Britaniya parlamenti və Aİ tərəfindən təsdiqlənməsi çətin olacaq.

Onu da xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit   İrlandiya   Britaniya  





Xəbər lenti