ABŞ 17 ildən sonra qoşunlarını Əfqanıstandan çıxaracaq
Azvision.az xəbər verir ki, bunu Amerikanın rəsmi nümayəndələrilə Əfqanıstandakı “Taliban” silahlı hərəkatı arasında davam edən 6 günlük danışıqlardan sonra ABŞ hökumətinin adının çəkilməsini istəməyən rəsmisi “Reuters”ə bildirib.
“Əlbəttə ki, biz (ABŞ) Əfqanıstanda daimi hərbi iştiraka can atmırıq. Bizim məqsədimiz Əfqanıstana sülh gətirməyə kömək etməkdir və sülh əldə olunandan sonra qurulacaq yeni əfqan hökumətilə əməkdaşlıq etmək, yaxşı miras qoyub getmək istərdik”, - amerikalı rəsmi vurğulayıb.
Lakin ABŞ hökumətinin nümayəndəsi onu da vurğulayıb ki, atəşkəs olmadan qoşunların çıxarılmasından söhbət belə gedə bilməz. Atəşkəs üçün isə “Taliban” ilə Əfqanıstan hökuməti danışıqlara başlamalıdır və Vaşinqton bunu vacib hesab edir.
Amma rəsmi Kabil heç bir ilkin şərt olmadan “Taliban” radikal hərəkatı ilə Əfqanıstanın gələcəyinə aid istənilən məsələni, hətta ölkə konstitusiyasına mümkün dəyişiklikləri müzakirə etməyə hazır olduğunu deməsinə rəğmən, indiyədək “Taliban” əfqan hökumətini Amerikanın oyuncağı adlandıraraq onunla birbaşa danışıqlardan imtina edib. Silahlı hərəkat hesab edir ki, Əfqanıstan hökumətini idarə edənlərin özü ilə danışıqlar aparılmalıdır və bu səbəbdən yalnız ABŞ nümayəndələri ilə görüşlər keçirib.
“Taliban” qruplaşması hökumətlə birbaşa dialoqa başlamazdan əvvəl bir sıra şərtlərinin yerinə yetirilməsində, xüsusən də ABŞ başda olmaqla bütün xarici silahlı qüvvələrin Əfqanıstandan tam çıxarılmasına təkid edir. Onların fikrincə, bu, konstitusiyanın bir sıra maddələrinin dəyişdirilməsi, qadınların və etnik azlıqların hüquqlarının müdafiəsi, narkoticarətlə mübarizə və ölkədəki digər kompleks problemlərin həllinə başlamaq üçün olduqca vacibdir.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Taliban Əfqanıstan ABŞ